195 Çağrı Mərkəzinin təqdimatı keçirilib

195 Çağrı Mərkəzinin təqdimatı keçirilib
# 24 fevral 2015 08:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Vergilər, Maliyyə, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərini, Dövlət Gömrük Komitəsini və Dövlət Sosial Müdafiə Fondunu əhatə edən 195 Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, tədbiri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov açaraq qeyd edib ki, “Vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi üzrə 2009-2012-ci illər üçün strateji plan”da sahibkarların, vətəndaşların vaxt itkisinə yol vermədən bir mənbədən biznesin qeydiyyatı, lisenziyalaşdırma, mühasibat uçotu, vergilər, rüsumlar, sosial və digər icbari ödənişlər barədə məlumat almalarını təmin etmək məqsədilə Vergilər Nazirliyinin “195” nömrəli telefon məlumat xidmətinin və ayrı-ayrı dövlət orqanlarındakı analoji xidmətlərin vahid telefon məlumat xidmətinə inteqrasiya olunmaqla, vahid “Çağrı Mərkəzinin”in təşkili üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət başçısının 11 avqust 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Elektron Azərbaycan” Dövlət Proqramında sahibkarlıq fəaliyyəti sahəsində digər tədbirlərlə yanaşı Universal Çağrı Mərkəzinin yaradılması da nəzərdə tutulub. Layihənin icrasına 2010-cu ildən başlanılmış və mərkəzə qoşulacaq qurumlar kimi Maliyyə, Vergilər, İqtisadiyyat və Sənaye, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu müəyyən edilmiş, Vergilər və İqtisadiyyat və Sənaye Nazirliklərinə bu qurumlara 195 Çağrı mərkəzinin bazasında metodiki köməklik göstərilməsi tapşırılıb.

Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Məhəmməd Yunusov “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili” mövzusunda təqdimatla çıxış edərək, 195 Çağrı Mərkəzinin yaradılması və onun icrası sahəsində görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, Nazirlər Kabinetinin 2013-cü oktyabrın 28-də verdiyi sərəncamına uyğun olaraq layihə çərçivəsində mərkəzə daxil olan dövlət qurumlarında xidmət zalları yaradılıb, əməkdaşlar təlimlərə cəlb edilib. 195 Çağrı Mərkəzi üzrə xüsusi proqram təminatı hazırlanıb və qurulmuş serverlər vasitəsilə qurumlar bir-birinə inteqrasiya olunub.

195 Çağrı Mərkəzi artıq fevralın 4-dən əhalinin, o cümlədən sahibkarların suallarının operativ və keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başlayıb. Hazırda onun xidmətlərindən istifadə etmək üçün birbaşa 195 nömrəsinə zəng edərək, səsli menyunun köməkliyi ilə və ya müvafiq düymələrdən birini seçərək birbaşa Vergilər, İqtisadiyyat və Sənaye, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə, Dövlət Gömrük Komitəsinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət edilə bilər.

Dövlət qurumlarının nümayəndələri çıxış edərək 195 Çağrı Mərkəzinin yaradılmasında başlıca məqsədin vətəndaşlara mütərəqqi xidmət və dövlət dəstəyinin təmin edilməsi, dövlət orqanlarının hər zaman əlçatan olması və vətəndaş məmnunluğunun yüksəldilməsi, ölkədə əlverişli biznes mühitinin formalaşmasından ibarət olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR