Litvaya Belarus vasitəsilə Asiya və Afrika ölkələrindən daxil olan qanunsuz miqrantlar geri qayıdacağı halda Litva hökumətinə və beynəlxalq təşkilatlara 2 min avroya qədər nağd ödəniş üçün müraciət edə bilər.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Litvanın Daxili İşlər Nazirliyi bildirib.
"Hava limanında təyyarəyə minməzdən əvvəl bu şəxslər nazirlik vasitəsi ilə nağd şəkildə 300 avro məbləğində birdəfəlik maliyyə alacaqlar",- deyə Nazirlikdən bildirilib.
Qanunsuz mühacir müəyyən edilmiş qaydada Litva Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsinə və ya Litva Daxili İşlər Nazirliyi yanında Sərhəd Xidmətinə evə qayıtmaq arzusu və ödəniş almaq istəyi barədə məlumat verir. Təyyarə bileti Litva hökumətinin hesabına alınır.
Maliyyə dəstəyinin ikinci hissəsi Beynəlxalq Miqrasiya Təşkilatından gəlir. Bu, miqrantın getdiyi ölkəyə yenidən inteqrasiya üçün 200 avro və 1,5 min avroluq birdəfəlik ödənişdir. Bu, mənzil kirayələmək, peşə öyrənmək, sahibkarlıq təşəbbüslərinə maliyyə dəstəyi şəklində olur. Beynəlxalq Miqrasiya Təşkilatının vəsaitləri nağd şəkildə verilmir.