UEFA-ya üzv olan milli komandaların iştirakı ilə ən çox oyun keçirilən stadionların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ əsas yığmalar səviyyəsində ən azı 40 matça ev sahibliyi edən 85 arena daxil edilib.
Azərbaycan yığmasının oyunlarının daha çox keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionu da siyahıda yer alıb.
Ölkəmizin bir nömrəli arenasında millilər səviyyəsində 54 qarşılaşma keçirilib. Bakıdakı stadion cədvəldə 65-ci yerə şərikdir. Eyni sayda görüşə Finlandiyanın paytaxtı Helsinkidəki “Tolon Pallokenta” stadionu da məkan olub.
Respublika stadionu keçmiş SSRİ arenaları arasında 9-cu yerdədir. İlk pillədə isə Moskvadakı “Lujniki” stadionudur. 123 oyuna ev sahibi olan idman qurğusu cədvəldə 20-cidir.
Qonşu Türkiyənin ən çox matçı qəbul edən arenası İsmət İnönü stadionudur. 72 dəfə milli səviyyəli görüşə ev sahibi olan stadion cədvəldə 41-42-ci yerləri bölüşür.
Cədvələ Danimarkanın paytaxtı Kopenhagendəki “Tella Parken” başçılıq edir. Bu arenada millilər səviyyəsində 335 matç baş tutub. İkinci sırada Norveçin “Ullevol” stadionudur. Paytaxt Oslodakı idman qurğusunda 324 qarşılaşma təşkil olunub. İlk “üçlüy”ü Lüksemburqun “Josi Bartel” stadionu tutur – 260 matç. Əfsanəvi “Uembli” arenası 234 oyunla 7-ci pillədə qərarlaşıb.