BP və tərəfdaşları Azərbaycanda sosial layihəyə 882 min. dollar xərcləyəcək

BP və tərəfdaşları Azərbaycanda sosial layihəyə 882 min. dollar xərcləyəcək
# 25 aprel 2019 15:12 (UTC +04:00)

BP və onun "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Bu layihə biznes idarəetmə təhsili üzrə cari tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub.

ONA-ya BP-dən verilən xəbərə görə, layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək ADA Universitetində təşkil olunmasını təmin edəcək. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb. Bu təlim proqramı dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən “TwentyEighty Strategy Execution” şirkəti ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurrikuluma əsaslanacaq.

Bu yeni Adaptiv Strateji İdarəetmə Proqramı ölkədə ilk dəfə olaraq qeyri-müəyyənlik və dəyişiklik baş verdiyi dövrlərdə təşkilatların öz hədəf və strateji məqsədlərinə doğru məqsədyönlü şəkildə irəliləməsi, rəqabətədavamlı və uğurlu fəaliyyətini davam etdirməsi məqsədilə bu cür dəyişikliklərə uyğunlaşa bilmələrinə kömək edəcək.

Layihənin dəyəri 882 min dollardan çoxdur və layihə müddəti iki ildir. İş həcmi 18 nəfərədək iştirakçıdan ibarət qrup üçün altı modul üzrə altı aylıq təlim proqramından ibarətdir. Ümumilikdə, layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Proqramı uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin sertifikatı veriləcək. Layihədə həmçinin iştirakçıların təhsil haqqı ödənişinə BP və tərəfdaşlarının dəstəyi nəzərdə tutulub.

Layihə ABŞ-da yerləşən “TwentyEighty Strategy Execution” beynəlxalq təlim şirkəti tərəfindən ADA Universiteti ilə tərəfdaşlıq çərçivəsində yerinə yetiriləcək. Layihədə BP və tərəfdaşlarının beynəlxalq təhsil təcrübəsinin ötürülməsi modelinin davam etdiriləcəyi nəzərdə tutulur. Bu məqsədlə uzunmüddətli perspektivdə proqramın tam şəkildə yerli resurslar hesabına həyata keçirilməsi üçün beynəlxalq icraçı tərəfdaşla ilkin müddətdə tərəfdaşlığın qurulması nəzərdə tutulur. Layihədə qarşıya qoyulmuş əsas məqsədlərdən biri yerli təlimçilərə təlim verməklə dayanıqlı model çərçivəsində proqramın həyata keçirilməsini, habelə BP və tərəfdaşlarının maliyyələşdirdiyi ilkin dövrdən sonra da proqramın uğurla davam etdirilə bilməsini təmin etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR