Bank Of Baku

Azərbaycanda illik inflyasiya 4,5% təşkil edib

Azərbaycanda illik inflyasiya 4,5% təşkil edib
# 09 avqust 2021 15:23 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2020-ci ilin analoji dövrünə nisbətən 4,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,1%, qeyri-ərzaq məhsulları üzrə 4,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,9% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin iyul ayında aylıq inflyasiya 0,9%, illik inflyasiya isə 6% təşkil edib.

2021-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3%, əvvəlki ilin iyul ayına nisbətən 6,4% artıb.

Qeyd edək ki, inflyasiyanın hədəf diapazonu isə 4±2%-dir.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, peçenyenin, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan və qarğıdalı yağlarının, albalının, gilasın, kələmin, xiyarın, pomidorun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, çayın, kola içkisinin, arağın, pivənin, ucuzlaşma isə əsasən yumurtanın, bananın, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, bibərin, badımcanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2% əvvəlki ilin iyul ayına nisbətən 4,8% artıb. Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, yağlı boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, kərpicin, mebellərin, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,1%, əvvəlki ilin iyul ayına nisbətən 6,2% artıb. Cari ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR