“Azərbaycan koronavirusa qarşı mübarizə çərçivəsində təcrübəsini dünya ölkələri ilə bölüşür”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən bir ölkədir: “Bu gün dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın həm COVİD-19-a qarşı ölkə daxilində mübarizəsini, həm də qlobal şəkildə bu pandemiyaya qarşı mübarizə istiqamətində beynəlxalq səviyyədə təşəbbüslərini və gördüyü işləri yüksək qiymətləndirir”.
Q. Paşayeva nəzərə çatdırıb ki, ölkəmizdə son 16 il ərzində 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib: “Bəzi inkişaf etmiş ölkələrdə çarpayı çatışmazlığına görə xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan, ümumiyyətlə, xəstəxanalara götürülmür, onlar evlərdə müalicə olunurlar. Evlərdə onları müalicə etmək və vəziyyətini monitorinq etmək isə çox çətin məsələdir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən bizə nümunə kimi göstərilirdi. Ancaq zamanında addımların atılmaması nəticəsində bu ölkələrdə vəziyyətin çox ağır olduğunu görürük. Azərbaycanda isə zamanında bu sahəyə böyük diqqət ayrılıb, çoxlu sayda xəstəxanalar tikilib, əsaslı təmir olunub. Koronavirusa qarşı mübarizədə mövcud xəstəxana fondumuz böyük rol oynayacaq. Ancaq koronavirus pandemiyasının hansı zamana qədər davam edəcəyi məlum deyil və buna görə də yeni xəstəxanaların tikintisinə ehtiyac yaranır. Müdrik dövlət başçımız isə hər zaman olduğu kimi yenə də uzaqgörənlik nümayiş etdirib. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizin müxtəlif bölgələrində 10 yeni modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur. Artıq dünən dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub”.
Millət vəkili qeyd edib ki, pandemiyanın nə qədər davam edəcəyi heç kimə məlum deyil: “Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu addımlar nəticəsində bu gün biz koronavirusla mübarizədə dünyada örnək ölkələrdən biriyik. Ancaq mübarizə davam edir, çünki koronavirus pamdemiyası ilə bağlı təhlükəli vəziyyət hələ də davam edir. Vətəndaşlarımız məsuliyyətli olmalı, tibbi maskadan istifadəyə və sosial məsafənin qorunmasına xüsusi diqqət yetirməlidirlər. Ölkə başçısının da çıxışında qeyd etdiyi kimi, karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və lazım olarsa, uzadılacaq. Çünki dövlət başçımızın da vurğuladığı kimi, hər bir vətəndaşımızın sağlamlığı bizim üçün çox vacibdir və biz insanlarımız arasında yoluxanların sayının sürətlə artmaması üçün bütün zəruri addımları atmalıyıq”.
Q. Paşayeva bildirib ki, karantinin yumşaldılmasından sonra bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmir, maska taxmır, məsafə saxlamırlar: “Buna qətiyyən yol vermək olmaz. Bəzi məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşür. Nəzarəti və maarifləndirməni daha da gücləndirmək lazımdır. Vətəndaşlar şəxsi gigiyena qaydalarına daha çox riayət etməlidirlər. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək kimi qaydalara ciddi əməl etmək lazımdır”.
Millət vəkili nəzərə çatdırıb ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışan xainləri də bağışlamaq olmaz: “Dövlət başçımızın da vurğuladığı kimi, kasıbın malına, ərzaq payına göz dikməyin bir adı var - xəyanət. Prezidentin rəhbərliyi altında korrupsiyaya qarşı ciddi mübarizə, şəffaflığın daha çox təmin edilməsi istiqamətində böyük işlər görülür. Dövlət başçımızın “hər bir yerli məmurun vəzifəsi xalqa şəffaf xidmət etmək, fəaliyyətini şəffaf şəkildə qurmaqdır” çağırışına əməl etməyənlər, qanunları pozanlar, insanların problemlərinin həllinə çalışmaq yerinə ancaq öz şəxsi maraqlarını təmin edənlər qanun qarşısında ən sərt şəkildə cavab verəcəklər”.