Stüart Bekster: “Azərbaycanla görüş böyük müharibədən sonra kiçik döyüşə bənzəyir”

Stüart Bekster: “Azərbaycanla görüş böyük müharibədən sonra kiçik döyüşə bənzəyir”
# 08 oktyabr 2008 08:11 (UTC +04:00)
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Təbii ki, Azərbaycan Almaniya və Rusiya kimi komandaların yanında güclü rəqib deyil. Lakin böyük müharibələrdən sonra kiçik döyüşlər çətinlik yaşadır. Çünki kiçik savaşa psixoloji hazır olmaq çətindir. Futbolçularımın ac olmağını istəyirəm. Onlara deyirəm ki, bizə Azərbaycan haqda fikriniz yox, üç xal lazımdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya yığmasının baş məşqçisi Stüart Bekster deyib.

Oktyabrın 11-də Helsinkidə Azərbaycan milli komandasını qəbul edəcək skandinaviyalıların çalışdırıcısı oyun öncəsi verdiyi müsahibədə qələbədən dəm vurub: “Ümid edirəm ki, Azərbaycan yığmasını məğlub edəcəyik. Çünki Rusiyaya yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik. Hərçənd, Rusiyadakı oyunu heç də həlledici saymıram. Azərbaycanla qarşılaşmadakı taktika və başqa şeylərdən danışmağa çətinlik çəkirəm. Bu daha çox matçın gedişindən və rəqibin necə oynamağından asılı olacaq. Şəxsi fikrim belədir ki, qurulan taktika ilə meydanda baş verənlər heç də həmişə uyğun gəlmir. Amma bir şeyi deyə bilərəm ki, gənc Berat Sadiki Azərbaycanla matçda meydana buraxacağıq. Çünki bu ən ideal variantdır. Azərbaycana qarşı oynayırıqsa, qələbə qazanmalıyıq. Bütün komandanı da buna kökləmək istəyirəm”.

İngiltərəli baş məşqçi rəqib həmkarlarını da müqayisə edib. 55 yaşlı Bekster məşqçilərin işinə nəticə ilə qiymət verməyi də düzgün saymır: “Qus Hiddink və Berti Foqts kimi mütəxəssislərin komandaları ilə görüşəcəyik. Məncə, Hiddink Bertiyə nisbətən daha güclü çalışdırıcıdır. Lakin hər ikisinin təcrübəsinə hörmət etməliyik. Foqts yetirmələrindən maksimum yararlanacaq ki, Finlandiyadan xal alsın. Bu mütəxəssislər taktika üzərində böyük iş görməyi xoşlayırlar. Elə mən də şahmatın əleyhinə deyiləm. Lakin məşqçilər nə qədər çalışsa da, nəticəni onlar yox, meydandakılar qazanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR