İki türkiyəli futbolçu Azərbaycan yığmasında oynamaq istəyir

İki türkiyəli futbolçu Azərbaycan yığmasında oynamaq istəyir
# 20 oktyabr 2008 14:32 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-Sport. “İvan Svetkov Türkiyədə qolçuluq bacarığına görə Hakan Şükür və Tanju Çolakdan sonra ən yaxşı hücumçu sayılır”. Bunu “APA-Sport”a açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.

Azərbaycana bu ilin yayında Türkiyənin Superliqa təmsilçisi “Sivasspor”dan gələn bolqarıstanlı Svetkovu yığmamız üçün faydalı futbolçu hesab edən 58 yaşlı mütəxəssis onun milliləşdirilməsinin tərəfdarıdır: “Bildiyimə görə, Svetkov Bolqarıstan yığmasında çıxış etməyib. O, Azərbaycan milli komandasında oynamaq istəyər. İvan qolçuluq duyumu ilə seçilir. Yığmanızda isə qol vurmaqla bağlı problem var. Mən Azərbaycan millisində çıxış edən serb hücumçu Branimir Subaşiçlə Svetkovu müqayisə etmək istəməzdim, fərq göz qabağındadır”.

Kara vurğulayıb ki, Svetkovun milli komandaya cəlb edilməsi ondan asılı deyil: “Bunun üçün bizə təklif gəlməlidir. Berti Foqts Svetkovun çıxışında maraqlı olmalıdır. Ona deyə bilmərəm ki, İvanı milli komandaya götür. Bu, düzgün çıxmaz. Svetkovla yanaşı, “Xəzər-Lənkəran”ın türkiyəli futbolçuları Dövran Ayhanla Göksəl Akınçı da Azərbaycan yığmasında çıxış etməyə layiqdirlər. Onlar milli komandanızın şərəfini qorumağı istəyirlər”.

Azərbaycan yığmasında oynamaqla bağlı Svetkovun da fikirlərini öyrənmək istədik. Ancaq İvan bildirdi ki, klub rəhbərliyi futbolçulara jurnalistlərlə danışmağı qadağa qoyduğundan, hər hansı mətbu orqana açıqlama verə bilməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR