Sabah Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşəcək

Sabah Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşəcək
# 13 aprel 2009 12:53 (UTC +04:00)
Bakı – APA. Sabah Çempionlar Liqasının ilk yarımfinalçıları müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinin çərşənbə axşamı keçiriləcək cavab görüşlər demək olar ki, formal xarakter daşıyacaq. Çünki ilk oyundakı məğlubiyyətin əvəzini çıxmalı olan komandalardan “Bavariya” öz meydanında 4, “Liverpul” isə səfərdə 3-dən az qol vurmamalıdır. Bu, inandırıcı görünmədiyindən “Barselona” və “Çelsi” yarımfinala çox yaxındır.

Amma cavab matçı ərəfəsində baş verənlər hər iki komandanın psixoloji durumuna, bu isə nəticəyə öz təsirini göstərə bilər. Belə ki, “Bavariya” baş məşqçisiz olan rəqibinin öhdəsindən gəlməli olacaq. İlk qarşılaşmada yol verdiyi hərəkətlərə görə 1 oyunluq cəzalanan Xosep Qvardiola “Barselona”nı texniki zonadan kənardan idarə etməli olacaq. İspanların etirazını rədd edən UEFA cəzanı qüvvədə saxlamaqla, almaniyalılara cüzi üstünlük verib.

İlk qarşılaşmada üstünlük qazanan “Çelsi”nin durumu isə daha acınacaqlıdır. Belə ki, Londondakı matçın hakimi şok etirafları ilə nəinki ingilis klubunu, hətta Avropanı bir-birinə vurub. Danimarkalı Klaaus Bo Larsen “Çelsi” rəhbərliyinin onunla danışıqlara girdiyini açıqlayıb. Onun sözlərinə görə, londonlular hakimdən xahiş edirmiş ki, cəzalı duruma düşə bilən futbolçulara sarı vərəqə verməsin. Bu həngamə tam səngiməmiş Qus Hiddinkin yetirmələri cavab oyununda “Luverpul”la hansı əhval-ruhiyyədə çıxacağı həlledici ola bilər.

Çərşənbə günü keçiriləcək matçlar isə kənar amillər deyil, sırf oyun planında daha böyük maraq doğurur. Belə ki, ilk oyunlarda heç-heçələrin qeydə alınması yarımfinalçıların kimliyi ilə bağlı sualı açıq saxlayıb. Bu görüşlərdə meydan sahibləri cüzi üstünlüyə malikdir ki, bu da onların səfərdə vurduqları qollar sayəsində əldə olunub. Turnirin son qalibi “Mançester Yunayted”in də işi xeyli çətinə düşüb. Mübarizəni dayandırmamaq üçün Aleks Ferqyussonun yetirmələri Portuqaliyadan qənaətbəxş nəticə ilə dönməlidir.

Çempionlar Liqası, 1/4 final, cavab oyunları

14 aprel


“Çelsi” (İngiltərə) – “Liverpul” (İngiltərə)
İlk oyun – 3:1

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya)
İlk oyun – 0:4

15 aprel

“Porto” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)
İlk oyun – 2:2

“Arsenal” (İngiltərə) – “Vilyarreal” (İspaniya)
İlk oyun – 1:1
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR