“Qalatasaray” rəhbərliyi Təbrizə səfər edəcək

“Qalatasaray” rəhbərliyi Təbrizə səfər edəcək
# 13 aprel 2010 13:53 (UTC +04:00)
Bakı – APA. Türkiyənin “Qalatasaray” idman klubunun nümayəndə heyəti bu həftə İrana səfər edəcək. APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Qalatasaray” İdarə Heyətinin 3 üzvü Təbrizin “Traktorsazi” klubunun dəvəti ilə bu şəhərə gedəcək.

“Traktorsazi”nin nümayəndəsi Mehdi Şirazi Təbrizdə komandaları ilə “Qalatasaray” arasında yoldaşlıq matçı oynamaq barədə təkliflərinin türk klubu tərəfindən müsbət qarşılandığını söyləyib. O, “Qalatasaray”ın UEFA kuboku və Avropa Superkubokunu qazanan böyük bir komanda olduğunu və yoldaşlıq görüşünün həm “Traktorsazi”, həm də İran futbolu üçün faydalı olacağını bildirib. Matçın tarixi Təbrizdə iki klub təmsilçilərinin görüşündə müəyyənləşəcək. “Qalatasaray”ın nümayəndələri cümə günü Təbrizdə “Traktorsazi” ilə “Persepolis” arasındakı qarşılaşmanı da izləyəcək.

Qeyd edək ki, “Qalatasaray” rəhbərliyi Təbrizdə “Traktorsazi” ilə yoldaşlıq oyunu keçirmək üçün bu klubdan 500 min dollar istəyib. “Traktorsazi” rəhbərliyi isə bunun əvəzində “Qalatasaray” futbol komandasının orijinal formalarını Təbrizdə satmaq üçün türk klubundan icazə almaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR