Elxan Məmmədov: “Heç kimi milli komandada məcburi işlətmək düzgün deyil”

Elxan Məmmədov: “Heç kimi milli komandada məcburi işlətmək düzgün deyil”
# 17 iyun 2010 16:04 (UTC +04:00)
Bakı – APA. “Oliver Pelzerlə danışıqları yekunlaşdırıb, onun yığmadakı fəaliyyətini bitirməsinə qərar verdik. Bu onun öz təşəbbüsü ilə baş verdi. Bizə yaxınlaşıb dedi ki, ailə vəziyyəti ilə əlaqədar vətəni Almaniyaya qayıtmaq istəyir”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Oliver Pelzerin öz istəyi ilə istefa verdiyini bildirən Məmmədovun sözlərinə görə, bu səbəbdən anlaşma qarşılıqlı razılıqla pozulub: “Bir ildir ki, oğlu olub. Uşağının yanında, Almaniyada yaşamaq istəyir. Onun müqaviləsinin bitməsinə 9 ay qalmışdı. Lakin fikirləşdik ki, heç kimi məcburi saxlayıb işlətmək düzgün deyil. Bu səbəbdən də getməsinə icazə verdik. Həm də bizim əcnəbi baş məşqçilərlə bağlı strategiyamız var. Onların hamısını gələcəkdə köməkçiləri ilə əvəz edəcəyik. Adil Şükürov da iki ildir Pelzerlə çalışır. Hələlik baş məşqçi vəzifəsini icra etmək ona tapşırılıb. Bu təyinat kimi isə İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək”.

Qeyd edək ki, Pelzer həmyerlisi Bernard Lippertdən sonra U-17-yə rəhbərlik edən ikinci əcnəbi mütəxəssis idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR