İFFHS prezidenti apasport.az saytına təşəkkür etdi

İFFHS prezidenti apasport.az saytına təşəkkür etdi
# 03 avqust 2010 11:25 (UTC +04:00)
Bakı – APA. “Biz azərbaycanlı futbolçu Əfran İsmayılovun Avropa Liqasında 4 qol vurduğunu çox gözəl bilirik. Onun Makedoniyanın “Metallurq” klubu ilə ilk, Şimali İrlandiya təmsilçisi “Portadaun”la cavab oyununda bir, sonuncularla səfər görüşündə iki qol vurması haqda məlumatımız var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) prezidenti Alfredo Poje deyib.
İFFHS-in 2010-cu ilin ən məhsuldar futbolçularının bu gün açıqlanan siyahısı ilə bağlı fikirlərini açıqlayan Poje Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun 5 qol vurmasına baxmayaraq, siyahıdan kənar qalmasına münasibət bildirib: “Bir sözlə, İsmayılovun Avropa Liqasında 4 dəfə fərqləndiyindən xəbərsiz deyilik. Elə İordaniya ilə fevralın 25-də keçirilən yoldaşlıq görüşündə də Əfranın qol sevinci yaşadığını bilirik. Çünki həmin vaxt bizə verilən məlumata əsasən, onun fərqləndiyini qeyd etmişdik”.

Bunu texniki səhv kimi izah edən Poje İFFHS-i yanlışlıq haqda məlumatlandıran apasport.az saytına dərin təşəkkürünü çatdırıb: “Lakin təəssüf ki, sonradan kompüterdə yaranan texniki problem yanlışlıqla nəticələnib. Belə ki, məlumat bazasında həmin qol başqa azərbaycanlı futbolçunun hesabına əlavə olunub. Biz bu səhvi öz bazamızda düzəldəcəyik. Gələcək reytinq siyahısında isə mütləq düzgün variant əks olunacaq və Əfranın qollarının sayı dəqiq göstəriləcək. Bu səhvin aradan qaldırılması üçün bizi məlumatlandırdığınız üçün sizə təşəkkür edirik”.

Qeyd edək ki, hər il üçün ən məhsuldar futbolçunu müəyyənləşdirən İFFHS yekun siyahının açıqlanacağı vaxta qədər, yəni 12 ay ərzində mütəmadi olaraq cədvəldəki vəziyyəti açıqlayır. Bu gün açıqlanan cədvəldə ən azı 5 qol vuran futbolçular yer alsa da millidə 1, qitə kuboklarında 4 top vuran İsmayılov eyni göstəriciyə malik Berdı Şamuratov və Fernando Torresdən fərqli, siyahıdan kənar qalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR