Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub - FOTO

Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub - <font color=red>FOTO</font>
# 19 avqust 2010 15:36 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuzda Əyləncəli Uşaq Futbol Məktəbinin açılışı olub. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində millət vəkili Qənirə Paşayeva, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib ki, hazırda respublikamızda idmana xüsusi diqqət yetirilir: “Gənclərimizin sağlam böyüməsi, pis vərdişlərə meyl etməməsi üçün idmanın inkişafı çox önəmli və vacibdir. İdmanın inkişafı istiqamətində bir neçə ildir uğurlu iş aparılır və bu işlərin həcmi günü-gündən artır. Eyni zamanda biz idmançılarımızın qələbələrini görürük. Hər il beynəlxalq turnirlərdə uğurlarımız artır və Azərbaycanın bayrağı yüksəklərə qalxır, dövlət himnimiz səslənir”.

Qənirə Paşayeva prezident İlham Əliyevin bölgələrdə idman komplekslərin və stadionların tikilməsi istiqamətində tapşırıqlar verdiyini xatırladıb: “Bütün bu addımlar bölgələrdə, xüsusilə kəndlərdə idmana marağın təmin olunması ilə yanaşı, texniki imkanların daha da artırılmasına xidmət edir. Bu gün Tovuzda start götürən layihə idmanın inkişaf etdirilməsi məqsədi daşıyır”.

Açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev Əyləncəli Uşaq Futbol Məktəbi barədə məlumat verərək bildirib ki, bu məktəb 2002-ci ildən fəaliyyət göstərir və bu günə kimi bu layihədə 10 minə yaxın yeniyetmə və 3 minədək təlimçi iştirak edib; “Tovuz həmişə yaxşı futbolçular yetişdirib. Mən hesab edirəm ki, Əyləncəli Uşaq Futbol Məktəbi layihəsində nəinki uşaqların asudə vaxtları səmərəli keçir, həm də yeniyetmələr arasında gələcəyin futbolçuları da hazırlanır”.

Qeyd edək ki, layihə çərçivəsində çalışan təlimçilər Gürcüstan və Danimarkada müxtəlif treninqlər keçiblər. Layihəyə əsasən meydança 12 hissəyə bölünür və orda bir həftə proqram üzrə uşaqlara müxtəlif dərslər keçirilir. Yay ərzində məktəblər 3 həftədən bir fəaliyyət göstərəcək. Layihə sərhəd kəndlərində davam edəcək. Ümumilikdə bu il Azərbaycanın bölgələrində 12 Əyləncəli Uşaq Futbol Məktəblərinin açılışı nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR