Əfran İsmayılov: “Oyundan əvvəl Türkiyədə mənə çox sataşırdılar”

Əfran İsmayılov: “Oyundan əvvəl Türkiyədə mənə çox sataşırdılar”
# 14 oktyabr 2010 10:43 (UTC +04:00)
Bakı – APA. “Ağır məşqlərdən sonra 1 həftə istirahət etmək istədim. Milli komandanın da oyununu bəhanə edib, Bakıya gəldim. Həftəsonu yenidən İstanbula qayıdacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.

Unibank Premyer Liqasının I turunda “Neftçi” ilə oyunda zədələnən gənc futbolçu xeyli vaxtdır yaşıl meydandan kənarda qalıb. Qardaş ölkədə müalicə olunan İsmayılov artıq məşqlərə başladığını bildirib: “Milli komandanın oyunu canlı izləmək üçün Bakıya gəldim. İstanbulda müalicəmə uyğun məşqlər edirdim. Burada da məşqlərimi davam etdirirəm. “Qarabağ”la birgə məşqlərə qatılıram. Düzdür, onlar öz məşqlərini edirlər. Mən də həkimlərin verdiyi proqrama uyğun olaraq qaçıram, müxtəlif təmrinləri yerinə yetirirəm”.

Həftəsonu müalicəsinin davamı üçün yenidən İstanbula qayıdacaq 22 yaşlı futbolçu 1 aydan sonra futbol oynaya biləcəyini qeyd edib: “Yenidən İstanbula qayıdıb, bu dəfə topla çalışmalara başlayacağam. Həkimlər 1 aydan sonra komanda ilə birgə məşqlərə başlaya, hətta futbol oynaya biləcəyimi bildiriblər. Ancaq tələsmirəm. İstəyirəm zədəm tam sağalsın, ondan sonra meydana qayıdım”.

Milli komandanın oyununu stadiondan canlı izləyən gənc futbolçu Türkiyə üzərində qazanılan qələbədən fərəh hissi ilə danışıb. O, Rəşadın qol vurmasını xüsusi sevinclə qarşıladığını sözlərinə əlavə edib: “Qrupda kimi də udmasaq, Türkiyə millisini udmağımızı istəyirdim. Çünki bizə yuxarıdan aşağı baxırdılar. Türkiyədə mənə bizi udacağımızı deyib, çox sataşırdılar. Bu qələbə məndə ikiqat sevincə səbəb oldu. Çünki nəyə qadir olduğumuzu sübut etdik. Uşaqlar da canla-başla oynayaraq, layiqli qələbə qazandılar. Qələbədə Rəşadın imzası olması xüsusi sevinc bəxş etdi. Çünki həm dostumdur, həm də Türkiyədə çıxış edir”.

Doğma komandası haqda da fikirlərini bildirən Əfran “Qarabağ”ın əvvəlki oyunundan uzaq olduğunu vurğulayıb: “Sözün açığı, “Qarabağ”ın oyunlarını izləyə bilmirəm. Ancaq internet vasitəsilə nəticələrlə tanış oluram. “Qarabağ” əvvəlki “Qarabağ” deyil. Çempionat yeni başlayıb. İnanıram ki, baş məşqçimiz Qurban Qurbanov qısa zamanda komanda toparlayıb əvvəlki tək yüksək yerlər uğrunda mübarizə aparacaq. Çünki əsas məqsədimiz avrokuboklara vəsiqə qazanıb, qrup mərhələsində çıxış etməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR