“Neftçi” Antalyaya yollanıb

“Neftçi” Antalyaya yollanıb
# 10 yanvar 2011 15:51 (UTC +04:00)
Bakı – APA. Bu gün Bakının “Neftçi” klubu qış fasiləsində Türkiyəyə ilk təlim-məşq toplanışına 23 futbolçu ilə yollanıb.

Apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Antalyada “Titanik” otelində 43 nəfərlik heyəti ilə qərarlaşan bakılıları adıçəkilən məkanda makedoniyalı futbolçuları – müdafiəçi İqor Mitrevski ilə yarımmüdafiəçi Slavço Georgiyevski qarşılayıb. Makedoniya yığmasının üzvlərinin ötən həftəsonu Bakıya gəlib, tibbi müayinədə iştirakı nəzərdə tutulmuşdu. Ancaq İqorla Slavço Avropada pis hava şəraiti üzündən avtomobil vasitəsilə Bolqarıstana, oradan isə Sofiya-İstanbul-Antalya təyyarə reysi ilə “Titanik”ə gəlməli olub.

“Neftçi”nin digər 2 legioneri isə yanvarın 20-dək davam edəcək ilk hazırlıq prosesini buraxacaq. Bunlar litvalı qapıçı Paulius Qribauskasla özbəkistanlı hücumçu Bahodir Nasimovdur. Zədədən əziyyət çəkən hər iki yığma üzvü vətənlərində müalicə olunur. Qribauskasın hələ ilk dövrənin sonunda aldığı zədə ciddi olduğundan, əməliyyatdan sonra bərpası hələ bir müddət də çəkəcək. Ancaq Pauliusdan fərqli Bahodirin Türkiyədə ikinci hazırlıq mərhələsində iştirakı dəqiqdir. “Neftçi”nin baş məşqçisi Arif Əsədov yığmasının Asiya çempionatının final mərhələsinə hazırlığına qatılan, ancaq zədə üzündən 23 nəfərlik iştirak ərizəsinə düşməyən Nasimova həm də istirahət verməyi məqsədəuyğun sayıb. Axı flaqmanın futbolçuları dekabrın 23-dən yanvarın 7-dək istirahət etdikləri vaxtda, Bahodir yığmasına çağırıldığından bu imkandan məhrum olub.

“Ağ-qaralar” qardaş ölkəyə karyeralarını Avropanın iddialı klublarında davam etdirməyə yaxın olan gənc futbolçularını da aparıb. Bunlar müvafiq olaraq İngiltərənin “Everton” və Türkiyənin “Fənərbaxça” klubundan rəsmi təklif alan Araz Abdullayevlə Amit Quluzadədir. Hər iki gənc yarımmüdafiəçi hələ ki “Neftçi”nin hazırlığında iştirak edəcək. Araz yanvarın 1-dən futbolçusu olduğu “Everton”un düşərgəsinə qarşılıqlı razılığa əsasən gələn ayın ikinci yarısında yollanacağı halda, Amit klubu ilə onunla birbaşa müqavilə bağlamaq istəyən “Fənərbaxça” arasında danışıqların müsbət yekunlaşmasını gözləyir. Quluzadə bunun reallaşmasından sonra bakılıların sıralarını tərk edəcək.

Qeyd edək ki, “Neftçi” hazırlığa bu gün axşam məşqi ilə başlayaraq, sabahdan gündə iki dəfə çalışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR