Bombardirlərin siyahısı açıqlanıb

Bombardirlərin siyahısı açıqlanıb
# 14 yanvar 2011 09:19 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən il ərzində qitə kuboklarında və milli komandada 7 və daha artıq qol vuranların siyahısı tərtib olunub. Planetin ən məhsuldar 81 futbolçusu arasında Azərbaycan təmsil olunmayıb. Belə ki, ən yaxşı bombardirimiz, yığmada 1, Avroliqada 5 dəfə fərqlənən Əfran İsmayılovun siyahıya düşməsinə 1 top çatmayıb.

İFFHS-in cədvəlinə isə Küveyt yığmasının hücumçusu Bədir Əhməd Əl-Mütəva başçılıq edir. O, yığmada 10, “Əl-Qadisiyyə” klubunda 7 qola imza atıb. Ərəb futbolçu 2-ci olan Samuel Etoonu yalnız yığmadakı qollara görə üstələyib. Kamerunlu millidə 8, İtaliyanın “İnter” klubunda 9 dəfə qol sevinci yaşayıb. 3-cü olan David Vilya isə İspaniya yığmasında 10, “Barselona” və “Valensiya” ilə avrokuboklarda 6 dəfə rəqib qapısına yol tapıb.

Meksikalı Xavyer Ernandes ən məhsuldar yığma oyunçusu olub. O, öz millisində 12 dəfə fərqlənib. Onun həmyerlisi Xavyer Antonio Orosko (“Kruz Asul”) və “Barselona”lı Lionel Messi qitə kuboklarının bombardirləri olublar – hərəyə 12 qol.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR