Georgi Nikolov: “Futbolçularımız layiqli mükafatlarını alacaqlar”

Georgi Nikolov: “Futbolçularımız layiqli mükafatlarını alacaqlar”
# 26 yanvar 2011 13:58 (UTC +04:00)
Bakı – APA. Rusiyada keçirilən ənənəvi “Birlik kuboku” turnirinin son qalibi olan Bakının “İnter” klubu mükafatlandırılacaq. Klubun prezidenti Georgi Nikolov apasport.az saytına açıqlamasında komandanın Rusiyanın Sankt-Peterburq şəhərindəki yarışda qələbəsinin qiymətsiz qalmayacağını bildirib. Bunu “İnter”in əsas himayədarı olan Beynəlxalq Bankın sədri, klubun fəxri prezidenti Cahangir Hacıyev reallaşdıracaq. Nikolovun sözlərinə görə, mükafatlandırmanı turnirdən sonraya saxlayıblar: “Komandamız Rusiyadan tam heyətlə qayıtmadı. Legionerlər qısa müddətlik istirahətdən istifadə edərək, vətənlərinə yollandılar. Bakıya yerli futbolçularla gəldilər. Cahangir Hacıyevin ezamiyyətdən qayıtmasını gözləyirik. Bundan sonra məsələni həll edəcəyik. Hər halda, əsas himayədarımız Hacıyevdir. İstənilən halda, futbolçularımız layiqli mükafatlarını alacaqlar. Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyi çox istərdik. Onun vaxt tapıb, “İnter”i qəbul etməsi bizim üçün qürurverici olardı”.
Qeyd edək ki, Əliyev bundan əvvəl “Birlik kuboku”nun qalibi olan “Neftçi” və “Xəzər Lənkəran” klublarını qəbul etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR