FİFA rəsmisi: “Azərbaycanda gördüklərimizdən razıyıq”

FİFA rəsmisi: “Azərbaycanda gördüklərimizdən razıyıq”
# 17 fevral 2011 10:53 (UTC +04:00)
Bakı – APA. “Azərbaycanda gördüklərimizdən razıyıq. FİFA adından 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov və buradakı nümayəndələrə qonaqpərvərliyə görə təşəkkür edirəm”. apasport.az saytının məlumatına görə, bu fikirləri FİFA-nın Yarışların Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqt deyib.

FİFA rəsmisi bu gün AFFA-nın Futbol Akademiyasında təşkil olunan mətbuat konfransında ölkəmizdə görülən işi yüksək qiymətləndirib: “Dünya çempionatına hazırlıqla bağlı böyük işlər görülür. İnkişafa hesablanan bu addımları çox yaxşı qiymətləndiririk. Gələcəkdə də yerli Təşkilat Komitəsi ilə birgə bu yöndə hazırlıq işlərini davam etdirəcəyik. İnanıram ki, Azərbaycanda qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçəcək və ölkənizdə bu idman növünün inkişafı üçün böyük təkan olacaq. Bizim belə məsul yarışla bağlı tələblərimiz təkcə stadion, infrastrukturla bağlı deyil. Bura teleyayım, azarkeşlərlə bağlı məsələlər daxildir və bunlar müzakirə olunan məsələlərdəndir”.

Qeyd edək ki, FİFA prezidenti Yozef Blatterin imzası ilə AFFA-nın DÇ-2012 ilə bağlı Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa etdiyi stadionun süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduz verilməsini təsdiqləyən sertifikat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR