Berti Foqts: “Belçika yığması meydana arxayın çıxacaq”

Berti Foqts: “Belçika yığması meydana arxayın çıxacaq”
# 28 mart 2011 12:30 (UTC +04:00)
Bakı – APA. “9 gün davam edən hazırlıqdan çox razı qalmışam. Belə şərait yaratdığı üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı sabah Avro-2012-nin seçmə mərhələsində Belçika ilə keçirəcəkləri səfər görüşünə münasibət bildirib. O, bu gün baş tutan mətbuat konfransında bildirib ki, komandaya inamı böyükdür: “Futbolçular məşqdə özlərini çox yaxşı tərəfdən göstərdilər. Onlardan razıyam. Yetirmələrim bunu meydanda da sübut etməlidirlər. Onlara inamım böyükdür. Ancaq əsas tələbim odur ki, 90 dəqiqə soyuqqanlı və aqressiv oynasınlar. Bacardıqlarını meydanda sübut etsinlər”.

Foqts son görüşdə Avstriyanı 2:0 hesabı ilə məğlub edən belçikalıların meydana arxayın çıxacaqlarını və bundan istifadə etməyə çalışacaqlarını deyib: “Rəqibimiz çox sürətli oynayan komandadır. Amma onlar Avstriyanı məğlub etdiklərindən meydana bir qədər arxayın çıxacaqlar. Biz də bundan maksimum istifadə etməliyik”.

Baş məşqçi Elnur Allahverdiyevin zədələnməsindən təəssüf hissi keçirdiyini də bildirib: “Elnur zədə səbəbindən məşq edə bilmədi. Mən buna çox üzüldüm. Amma onun yerinə futbolçumuz var. O, meydanda bacardığını göstərməlidir. Allahverdiyevi isə məxsus olduğu “Xəzər Lənkəran”ın düşərgəsinə yolladıq ki, öz həkimləri müayinə etsinlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR