Arsen Venger Toni Adamsı baş məşqçi köməkçisi postuna dəvət etmək niyyətindədir

Arsen Venger Toni Adamsı baş məşqçi köməkçisi postuna dəvət etmək niyyətindədir
# 26 aprel 2011 09:42 (UTC +04:00)
Bakı-APA. İngiltərənin “Arsenal” klubunda məşqçi dəyişikliyi gözlənilir. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya mətbuatı London təmsilçisinin baş məşqçisi Arsen Vengerin islahatlar aparmaq niyyətində olduğunu açıqlayıb.

İngilis həmkarlarımız son həftələr yaşanan uğursuzluqlardan sonra Vengerin “təmizləmə” əməliyyatını qaçılmaz sayır. Onların iddiasına görə, mütəxəssis bu işə məşqçilər korpusundan başlayacaq. Fransalı çalışdırıcı artıq mövsümün sonunda əsas köməkçisi Pet Raysı “Arsenal”dan uzaqlaşdıracaq.

Həmkarlarımız 15 ildir Vengerə kömək edən Raysın xələfinin kimliyinə də biganə qalmayıb. Onların iddiasına görə, bu komandanın sabiq ulduzlarından biri olmalıdır. Belələri arasında isə bir aşkar favorit var. Bu da hazırda “Qəbələ”yə rəhbərlik edən Toni Adamsdır.

Britaniyalılar onun əfsanəsi olduğu kluba qayıdışında yalnız bir problem görür. Əgər Venger Rays kimi zəngin təcrübəli məşqçi istəməsə, onda aşkar namizəd Adams olacaq. O, “Uikomb” və “Portsmut”da çalışıb, hazırda Azərbaycanda “Qəbələ”yə baş məşqçilik edir. Lakin bir məsələ qaranlıq qalır. Baş məşqçi kimi çalışdığı halda o, geriyə dönüb köməkçi işləməyə razı olacaqmı?

Qeyd edək ki, uzun illər “Arsenal”ın kapitanı olmuş Adams ötən ilin mayından “Qəbələ”də çalışır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR