AZAL-da yeni baş məşqçisinin təqdimatı olub

AZAL-da yeni baş məşqçisinin təqdimatı olub
# 14 iyul 2011 12:44 (UTC +04:00)
Bakı – APA. “Nazim Süleymanovun istefasından sonra Elxan Abdullayevi baş məşqçi təyin etmək qərarına gəldik. Süleymanovla il yarım işlədik. Qısa vaxtda mübariz komanda formalaşdırdı. Düzdür, ötən il ilk “altılığ”a düşə bilmədik, amma ən çox xal toplayan komanda olduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov bu gün yeni baş məşqçilərinin təqdimat mərasimində deyib. Paytaxt təmsilçisi “sükanı arxasına”a gətirdiyi Elxan Abdullayevi bu gün Şüvəlan qəsəbəsindəki stadionunda media nümayəndələrinə təqdim edib.
Qasımov ilk olaraq sabiq baş məşqçi, qalmasının tərəfdarı olduğu Nazim Süleymanovun dövründə komandanın çıxışına toxunub: “Son çempionatı 4-cü pillədə başa vurduq. Ümumiyyətlə, mövsümün əvvəlindən sonuna qədər bu mövqedən aşağı düşmədik. Avroliqada “Minsk” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında Nazim müəllim mərhələ adlamayacağı təqdirdə istefa verəcəyini deyib. Bundan sonra xəbər tutdum. Onunla söhbətimiz oldu. Dedim ki, bir oyuna görə istefa verməzlər”.
Klub rəhbəri uğursuz çıxışda başlıca amil kimi ölkə xaricində təlim-məşq toplanışı keçirməməklərini bildirib: “Gərək ölkə xaricində təlim-məşq toplanışı keçirəydik. Məşqçilərə iyunun 5-də və ya 6-da xaricə getməli olduğumuzu dedim. Ancaq onlar fiziki hazırlığı Bakıda keçirməyi məsləhət bildilər. Belə olan təqdirdə çox çalışdıq ki, yoldaşlıq oyunu keçirmək üçün Gürcüstandan komanda dəvət edək. Təəssüf ki, alınmadı. Srağagün Nazim Süleymanovla yenidən görüşdük və komandadakı fəaliyyətini davam etdirməsini istədik. Lakin o, söz verdiyini əsas gətirərək getmək istədiyini vurğuladı. Biz də ona təşəkkürümüzü bildiririk. Nazimlə dost olaraq qalacağıq, onunla heç bir problemimiz yoxdur”.
Qasımov yeni baş məşqçi haqda danışarkən, ona inandıqlarını bildirib: “Yeni baş məşqçimizə inanırıq. Abdullayevin komandanı irəli aparacağını düşünürük. 2-3 səviyyəli legioner dəvət edəcəyik. Həmin futbolçuları baş məşqçinin seçməsini istəyirik. Komandamız 2 gündən sonra Türkiyəyə yollanacaq. İyulun 16-dan 30-dək Qızılcahamamda təlim-məşq toplanışı keçirəcəyik. Qısa vaxt ərzində yer tapmaq çox çətin oldu. Başqa ölkəyə getmək üçünsə viza lazım idi. Bu da vaxt aparacaqdı. Ona görə Türkiyəni seçdik”.
Abdullayevin namizədliyini dəstəkləmələrinin səbəbinə aydınlıq gətirən Qasımov seçimi Azərbaycanda məşqçi korpusunun elə də geniş olmamağı ilə izah edib: “Elxanı biz martda Novruz Əzimov komandadan ayrıldıqdan sonra gətirmək istəyirdik. Ona köməkçi-məşqçi olmağı təklif etmişdik. Lakin razılaşmadı. Dedi ki, Qazaxıstana gedirəm. İndi də vaxtımız çox azdır. Bu məsələni dərhal həll etməli idik. Həm də azərbaycanlı elə də çox deyillər. Yenə deyirəm, neçə ki klubdayam, burda əcnəbi baş məşqçi çalışmayacaq. Gənc məşqçilərimizə şans yaratmaq lazımdır. Nazim Süleymanov gəldi, özünü sübut etdi. O, komandanı Avropa Liqasına çıxardı. İndi onun xidmətində baş klublar maraqlı olacaqlar. Çünki etimadı doğruldub. Elxan müəllim də təcrübəli məşqçidir. Onun ümidləri doğruldacağına və məqsədə nail olacağına inanıram”.
Komandanın məqsədləri barədə də danışan prezident ən pis halda mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlarını deyib: “Klubun sponsorları ya çempion olmağı, ya da ölkə kubokunu qazanmağı qarşımıza məqsəd qoyub. Yəni çempionatda iddialı olacağıq. Oynamaq xatirinə oynamayacağıq. Ən pis halda, mükafatçılar sırasına düşməliyik. Hazırkı heyətdən heç bir futbolçu ayrılmayacaq. Gedən gedib. Hazırkı futbolçuların hamısı ilə müqaviləmiz var. Baş məşqçi onları yaxşı tanıyır. Çalışacağıq ki, heyət üzvlərinin sayını 25-ə çatdıraq”.
Ardından sualları cavablandıran Abdullayev Süleymanovun vaxtında olduğu kimi, AZAL-ın yenə hücum futboluna üstünlük verəcəyini bildirib: “Aqressiv, sürətli futbolu xoşlayıram. İstəyirəm ki, azarkeşlər bol qollu oyun izləsinlər. Başa düşürəm, işim çətin olacaq. Ancaq iddialı insanam və yüksək məqsədlər uğrunda mübarizə aparacağam. Bunu işimlə sübut edəcəyəm”.
Məşqçilikdə ən yüksək dərəcə olan “Pro” kateqoriyasına malik 41 yaşlı çalışdırıcı köməkçilərinin adlarının yaxın 1-2 gün ərzində açıqlayacağını söyləyib: “Baş məşqçi tapmaq asandır, amma köməkçi məşqçini tapmaq çətin. Çünki o, yeri gələndə baş məşqçini də sakitləşdirməyi bacarmalıdır”.
Abdullayev AZAL rəhbərliyinin onunla qısa müddətli – 1 illik müqavilə bağlanmasına görə narahat deyil: “Mənim üçün müqavilənin müddəti önəmli deyil. Onsuz da bizdə bu məsələ formal xarakter daşıyır. Elə məşqçi olub ki, onunla 5 illik anlaşma imzalanıb, ancaq 3 aydan sonra yola salıblar, gedib. Vaxtımız çox azdır. Aydın məsələdir ki, avrokuboklarda iştirak edən komandaların hazırlıq planı fərqli olur. Belə götürəndə “Qarabağ” vaxtının çox hissəsini səfərlərə sərf edir. Çempionata lazımınca hazırlaşmaq üçün vaxtları olmur. Amma neyləmək olar, bu, UEFA-nın qərarıdır. Oyunun vaxtını onlar müəyyənləşdirir. İstərdim ki, vaxtımız daha çox olsun və yaxşı hazırlıq keçək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR