Arif Əsədov: “İtiriləsi heç nəyimiz yoxdur, mütləq qalib gəlməliyik”

Arif Əsədov: “İtiriləsi heç nəyimiz yoxdur, mütləq qalib gəlməliyik”
# 18 iyul 2011 11:12 (UTC +04:00)
Bakı – APA. “Zaqrebdəki qarşılaşma haqda çox danışılıb və buna qayıtmaq istəməzdik. Həmin görüş bizim üçün arxada qalıb. Böyük hesablı məğlubiyyəti unudub, sabahkı görüşə köklənmişik. Əlbəttə, asan olmayacağını bilirik. Mərhələ keçmək şansımız az da olsa var. Ancaq futbolda hər şey mümkündür və meydana yalnız qələbə üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Çempionlar Liqasında təmsil edən Bakının “Neftçi” klubunun futbolçusu Arif Əsədov deyib.

Əsədov Zaqreb “Dinamo”su ilə sabahkı cavab oyununda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Qələbə bizə imicimiz, bir çox amillərə görə çox vacibdir. Buna nail olmaqla, həm azarkeşləri sevindirmək, həm də UEFA klub reytinqinə xal yazmaq istəyirik. Azarkeşləri çətin oyuna dəvət edib, bizə dəstək olmağa çağırırıq. Göstərdiyimiz oyun, qazandığımız qələbə ilə onları sevindirməyə çalışacağıq”.

Gənc çalışdırıcı yetirmələrində qələbə istəyinin çox olduğunu söyləyib: “Əlbəttə, nəticəyə, transfer çalışmalarına görə əsas məsuliyyəti baş məşqçi daşıyır. Futbolçularımızda səhv olanda, bunun üzərində işləyib, onun təkrarlanmamağına çalışırıq. Sözsüz ki, cavab oyunu öncəsi psixoloji durumdan çox şey asılıdır. Zaqrebdəki nəticədən sonra futbolçularımız özlərinə deyildilər. Sizi inandırım ki, onlar məğlubiyyətdən çox təsirlənmişdilər və psixoloji durumu yüksəltmək üçün çalışırıq. Futbolçularımız məsuliyyəti dərk edir və qələbə istəklərinin böyük olduğunu hiss edirəm. Komanda üzvləri bir yerə yığışaraq, qələbəyə yaxşı kökləniblər”.

Gənc futbolçulara böyük ümidlər bəsləyən Əsədov növbəti mövsümədək orta sahəyə futbolçu transferi ilə axtarışların davam etdirəcəklərini bildirib. Tez-tələsik transferin tərəfdarı olmayan 41 yaşlı çalışdırıcı “Dinamo” ilə görüşdə iki hücumçu – Bahodir Nasimovla Emil Mpenzanın meydana buraxmaq fikrindədir: “Hər şey ola bilər. Sadəcə, oyuna 1 gün qalmış əsas heyəti, taktiki gedişləri geniş açıqlamağı məqsədəuyğun saymıram. Ancaq itiriləsi heç nəyimiz yoxdur və mütləq qalib gəlməliyik. Bu mənada 2 hücumçu ilə oynamağımız mümkündür. Ümumiyyətlə, ilk oyunla müqayisədə heyətdə dəyişiklik olacaq”.

Mehman SÜLEYMANOV
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR