Moti İvanir: “Xəzər Lənkəran”a qarşı aqressiv oynayacağıq”

Moti İvanir: “Xəzər Lənkəran”a qarşı aqressiv oynayacağıq”
# 19 iyul 2011 08:28 (UTC +04:00)
Bakı – APA. “Heyətimizdə əla futbolçular cəmləşib. Bu səbəbdən cavab matçında müdafiə futbolu oynamayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrailin “Makkabi” klubunun baş məşqçisi Moti İvanir deyib.

Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Təl-Əviv təmsilçisi vətənində son məşqini yekunlaşdırıb. Hazırlıqdan öncə mətbuat nümayəndələri qarşısına çıxan İvanir bildirib ki, ilk görüşdə 3:1 hesabı ilə qələbə qazandıqlarından cavab matçında da bu uğuru təkrarlamaq fikrindədirlər: “Bizim növbəti mərhələyə yüksəlmək şansımız rəqiblə müqayisədə daha çoxdur. Çünki ilk oyunda üstünlük əldə etmişik və bunu itirmək fikrində deyilik. Lənkərana öz oyunumuzu oynamağa gedirik”.

İvanirin sözlərinə görə, komandası tək Avroliqada deyil, iştirak edəcəyi bütün yarışlarda yalnız qələbəyə oynayacaq: “Biz “Makkabi”ni mövsümboyu iddialı görmək istəyirik. “Xəzər Lənkəran”la qarşılaşmada da hücum futbolu göstərərək, aqressiv oynayacağıq və rəqibə təzyiq göstərəcəyik. Komandamız təcrübəli və gənc futbolçulardan qurulub. Bu heyətlə istədiyimiz nəticəni əldə etmək mümkündür”.

Qeyd edək ki, iyulun 21-də “Xəzər Lənkəran”ın qonağı olacaq “Makkabi” ölkəmizə bu gün gələcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR