Fariz Nəcəfov: “Toni Adamsın istefası gözlənilməz oldu”

Fariz Nəcəfov: “Toni Adamsın istefası gözlənilməz oldu”
# 17 noyabr 2011 09:46 (UTC +04:00)
Bakı – APA. “Toni Adamsın istefası gözlənilməz oldu. Bu gün klubdaxili iclasımız olacaq. Bundan sonra rəsmi açıqlama veriləcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

İngilis baş məşqçisi Toni Adamsın istefa verməsindən sonra diqqət mərkəzinə düşən “Qəbələ” hələ mövsümün ortasına kimi yeni çalışdırıcını “sükanı arxası”na gətirməli olacaq.

Klubun bu gün daxili toplantı keçirməyi planlaşdırılsa da, Nəcəfov yeni baş məşqçi təyinatının hələ nəzərdə tutulmadığını bildirib: “Yəqin ki, baş məşqçi vəzifəsinin səlahiyyətlərini Adamsın köməkçilərindən birinə verəcəyik. Ancaq hələlik axtarışdayıq. Əgər alınsa, yeni baş məşqçi məsələsini qış fasiləsinə kimi həll edəcəyik. Hazırda real bir şey yoxdur”.

Vitse-prezident “Qəbələ”nin tarixində ən uzun müddətli baş məşqçisi olan, Adamsın gəlişinə kimi bu postda yer alan Ramiz Məmmədovun qayıtmaq variantına belə münasibət bildirib: “Qərarı klub prezidenti verdiyi üçün bir şey deyə bilmərəm”.

Qeyd edək ki, Adams ötən ilin mayında Məmmədovun yerinə baş məşqçi təyin olunmuşdu. İngilis çalışdırıcının əsas köməkçisi özü ilə birgə gətirdiyi həmyerlisi Qari Stivensdir. Komandanın daha bir məşqçisi isə türkiyəli Fatih Kavlakdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR