Fərhad Vəliyev: “Flavinyo ötürmə vermək istəyirdi, amma top qapıya daxil oldu”

Fərhad Vəliyev: “Flavinyo ötürmə vermək istəyirdi, amma top qapıya daxil oldu”
# 28 noyabr 2011 11:50 (UTC +04:00)
Bakı – APA. “Heç kim səhv edib, məğlub olmağı istəməz. Belə məqamlarda tək qapıçının üzərinə düşmək olmaz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.

Premyer Liqanın hesabat turunda “Neftçi” ilə qarşılaşan “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla uduzdu – 1:3. Flavinyonun vurduğu həmin qolda Ağdam təmsilçisinin qapıçısı Boyan Pavloviçin də səhvi var idi. Belə ki, cərimə meydançasının küncündən topu qapıçının başı üzərindən tora qovuşduran braziliyalı yarımmüdafiəçi qələbə qolunu vurmuş oldu. Həmin an “çərçivə”dən irəlidə olan Boyanın isə topu seyr etməkdən başqa çarəsi qalmamışdı.

Serb qapıçının gəlişindən sonra ehtiyatda qalan Vəliyev isə günahı bütün komandada görür: “Bütün komandada günah var. Futbol kollektiv oyundur. Boyan da istərdi ki, qapını toxunulmaz saxlasın. Fikrimcə, həmin epizodda Flavinyo ötürmə vermək fikrində idi, amma top qapıya daxil oldu”.

Epizod zamanı həmkarının səhvə yol verdiyini qabartmaq istəməyən Vəliyev bu haqda baş məşqçinin fikir bildirəcəyini vurğulayıb: “Epizod gözümün qabağındadır. Yəqin baş məşqçi öz mövqeyini bildirəcək”.

Bu səhvdən sonra qapıya keçəcəyinə ümid edib-etməməyinə gəldikdə, yığmanın sabiq üzvü bu haqda baş məşqçinin qərar verəcəyini deyib: “Biz də oynamaq, kluba faydalı olmaq istəyirik. İndi “uğursuzluq zolağı”na düşmüşük. Qələbə qazanmaq vacibdir. Belə eniş bütün klublarda olur. Düşünürəm ki, bu, son uğursuz oyunumuz olacaq. Yəqin baş məşqçi məsləhətlərini verəcək. Belə məqamda futbolçular bir-birinə daha çox bağlanmalıdırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR