“Bakı” vurduğu qolla məşhurlaşan qapıçını alır

“Bakı” vurduğu qolla məşhurlaşan qapıçını alır
# 07 iyun 2012 08:41 (UTC +04:00)
Bakı – APA. Avroliqada mübarizə aparacaq “Bakı” daha bir cənubi amerikalı futbolçu transfer edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun son qalibi Kolumbiya yığmasının qapıçısı Luis Enrike Martines Rodrigeslə müqavilə bağlayacaq.

Əcnəbi qapıçı axtaran “zolaqlılar”ın maraq dairəsinə düşən, 2010-cu ildən vətənində “Once Kaldas” klubunda 38 oyun keçirən 30 yaşlı kolumbiyalı Bakıya rəsmi anlaşma imzalamağa gələcək. Luis Enrikenin daşıdığı “Neko” ləqəbi doğulduğu şəhərin adı ilə bağlıdır.

Karyerasını əsasən vətəninə bağlı olan qapıçı 2006-09-cu illərdə Türkiyədə oynayıb. Belə ki, Luis Enrike “Sakaryaspor”da 43 oyun keçirib. Legioner 2007/08 mövsümündə icarəyə verildiyi “Manisaspor”da 2 matçda qapını qoruyub.

Ucaboylu – 1,91 metr boya malik Rodriges 2003-cü ildən cəlb olunduğu millisində 14 oyun keçirərək, 1 qol vurub. Onun həmin yeganə qolu isə dünya futbolunda yaxşı xatırlanır.

Bu, 2006-cı ilin mayın 30-da həmin vaxt dünya çempionatının final mərhələsinə hazırlaşan Polşa yığması ilə yoldaşlıq görüşündə olub. Kolumbiyalının öz cərimə meydanından vurduğu zərbəni “Mançester Yunayted”də oynayan polşalı həmkarı Tomaş Kuşçak dəf edə bilməmişdi.

“Bakı”nın baş məşqçisi Novruz Əzimov xəbəri təsdiqləyib. O bildirib ki, kolumbiyalı ilə danışıqlar getsə də, hələlik tam razılıq əldə edilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR