Hafiz Məmmədov: Bəzi ara qarışdırmağa cəhd göstərən qüvvələr buna nail ola bilməyəcəklər”

Hafiz Məmmədov: Bəzi ara qarışdırmağa cəhd göstərən qüvvələr buna nail ola bilməyəcəklər”
# 11 iyun 2012 11:12 (UTC +04:00)
Bakı – APA. “15 yaşlılardan ibarət komandamızın "Neftçi” ilə final oyunundan sonra baş verən hadisələri pisləyirəm. Belə olayların təkrarlanmamağı üçün gərəkli tədbirləri görəcəyik". Bu sözləri apasport.az saytına "Bakı" klubunun prezidenti Hafiz Məmmədov deyib.

Klub prezidenti "Neftçi" və "Bakı" klublarının qardaş komanda olduqlarını və bu hadisələrin klublar arasındakı münasibətlərə xələl gətirməyəcəyini vurğulayıb: "Bəzi ara qarışdırmağa cəhd göstərən qüvvələr bu hadisədən istifadə edib münasibətləri korlamaq istəsələr də, buna nail ola bilməyəcəklər. Ümumiyyətlə, nəinki "Neftçi", bizim digər klublarla da gözəl münasibətlərimiz var və Azərbaycan futboluna dəstək verən hər bir komandamızı dəstəkləyirik".

Xatırladaq ki, bir neçə gün öncə “Neftçi” və “Bakı”nın U-15 komandalarının final oyunundan sonra hər iki klubun futbolçuları və rəsmiləri arasında gərginlik yaşanmışdı.

Klubun prezidenti Hafiz Məmmədov hadisədən dərhal xəbər tutsa da, ölkə xaricində olduğundan məsələyə müdaxilə etməsi bir qədər gecikib.


H.Məmmədov əvvəlcə hadisənin o qədər də ciddi olmadığını və yeniyetməlik dövrünü yaşayan uşaqların yüngül dartışması olduğunu düşündüyünü deyib: “Amma görüntüləri izləyəndə çox pis oldum və dərhal hadisənin araşdırılması üçün müvafiq göstərişlərimi verdim. Bu gün klubdaxili toplantıda isə məsələ daha ciddi şəkildə araşdırılıb, təhlil olunacaq. Səbəblər aydınlaşdırılıb lazımi tədbirlər görüləcək. Biz həmişə uşaq futbolunun inkişafına dəstək veririk və bu yolumuzu sona qədər yüksələn xətt üzrə davam etdirəcəyik. Bundan sonra yeniyetmə, gənc futbolçuların maarifləndirmə işinə də xüsusi diqqət göstərəcəyik. O uşaqlar gələcəyin futbolçusu olmaqla yanaşı, həm də sabahın əsgəri, gələcəyin ailə başçılarıdırlar".
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR