Robert Levandovski Çempionlar Liqasının tarixinə düşüb

Robert Levandovski Çempionlar Liqasının tarixinə düşüb
# 27 noyabr 2019 02:05 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Çempionlar Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun “Srvena Zvezda” ilə Serbiyadakı görüşündə poker edən polşalı tarixi nailiyyəti gerçəkləşdirib.

31 yaşlı forvard 4 qolu 14 dəqiqə 31 saniyə ərzində vurub. Bu, yarışın tarixində ən sürətli, yəni qısa zaman kəsiyində imza atılan pokerdir.

Bununla da cari mövsümdəki qol sayını 10-a çatdıran R.Levandovski turnirin bombardirləri siyahısında liderliyi ələ keçirib. Ümumilikdə isə polşalı mövsümün 30 oyununda 33 qola imza atıb.

R.Levandovski həm də “Bavariya”nın tarixinə düşüb. O, Münhen klubunun heyətində Çempionlar Liqasında ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

Polşalı komanda yoldaşı Tomas Mülleri arxada qoyub. Sonuncunun 43 qolu var.

Hücumçunun Çempionlar Liqasındakı ümumi qol sayı isə 63-ə çatıb. 4-cü pillədə olan forvard Kriştianu Ronaldo (127), Lionel Messi (113), Rauldan (71) geri qalır və Kərim Benzema ilə şərikdir.

Qeyd edək ki, R.Levandovski Çempionlar Liqasında qrup mərhələsinin ilk 5 turunda meydanı qolsuz tərk etməyən 5-ci futbolçudur. Ona qədər Alessandro Del Pyero, Sergey Rebrov, Kriştianu Ronaldo və Neymar bunu bacarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR