Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisənin yataqxana korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanaya, mətbəxə və digər obyektlərə baxışlar keçirilmiş, tibbi yardımın təşkili, yemək-qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
Müəssisədə həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması məqsədilə MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyinə tövsiyələr verilib.
MPQ üzvləri tərəfindən həmin müəssisədə qəbul olunmuş məhkumlar konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər, müəssisə əməkdaşlarının məhkumlarla rəftarı, müvafiq qərarlarla bağlı sənədləşmə araşdırılıb, saxlanma şəraiti və tibbi yardımla bağlı bir sıra müraciətlər yerində təmin edilib.
Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş, hüquqi maarifləndirici söhbətlər aparılıb.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-lərin daxili intizam qaydalarına uyğun şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi, müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.