Azərbaycan futbol yığması 48-ci dəfə böyük hesabla məğlub olub

Azərbaycan futbol yığması 48-ci dəfə böyük hesabla məğlub olub
# 12 iyun 2019 11:14 (UTC +04:00)

AVRO-2020-nin seçmə mərhələsinin Slovakiya ilə oyununda 1:5 hesabı ilə uduzan Azərbaycan milli komandası tarixində 48-ci böyük hesablı məğlubiyyətini alıb.

APA-nın məlumatına görə, ilk matçını 1992-ci ildə keçirən yığmamız özünün yubiley – 250-ci oyununda belə ağır yenilgi ilə üzləşib.

Bu, komandamızın baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında aldığı ilk böyük hesablı məğlubiyyətdir. Bunadək xorvatiyalı belə ağır nəticə ilə üzləşməyib. O, postundakı 4-cü qarşılaşmada məyusluq yaşayıb.

N.Yurçeviç Azərbaycan yığmasında böyük hesablı məğlubiyyət yaşayan 12-ci baş məşqçidir. Berti Foqts 9, Vaqif Sadıqov, Şahin Diniyev və Əhməd Ələsgərov hərəyə 5, Ağasəlim Mircavadovla Robert Prosineçki hərəyə 4, Əsgər Abdullayev, Karlos Alberto Torres, İqor Ponomaryovla Kazbek Tuayev hərəyə 3, Qurban Qurbanov 2, Nikola Yurçeviç 1 dəfə darmadağın acısı yaşayıb. Bir matçda isə komandaya məşqçilər komitəsi başçılıq edib.

Millimiz 27 illik tarixində aldığı 48 böyük hesablı məğlubiyyətdən 24-ü üç, 24-ü daha artıq top fərqilə olub. 11-ci dəfə dörd qol fərqinə üzülən yığmamız bir dəfə 10, bir dəfə 8, bir dəfə 7, dörd dəfə 6, altı dəfə 5 top fərqilə uduzub.

Millimiz üçüncü dəfə 1:5 hesabı ilə məğlub olub. Komandamız 1999-cu ildə Özbəkistana, 2017-ci ildə Almaniyaya bu hesabla yenilmişdi. Lakin həmin görüşlər səfərdə baş tutub.

Qeyd edək ki, yığmamız sonuncu böyük hesablı məğlubiyyətini 203 gün öncə Kosovo ilə oyunda alıb. 2018-ci il noyabrın 20-də yığmamız 0:4 hesabı ilə uduzub. Evdəki son ağır məğlubiyyət isə 2017-ci il martın 26-da qeydə alınıb. 807 gün əvvəl Almaniya Bakıda 4:1 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR