Futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.
APA-nın məlumatına görə, dekabrın 11-21-də Qətərdə təşkil olunacaq yarışın püşkatması İsveçrənin Sürix şəhərində baş tutub.
7 klubun mübarizə aparacağı turnir yerli “Əl-Sədd” və Yeni Kaledoniya təmsilçisi “Yeqen Sport” arasında matçla başlayacaq.
Qalib komanda 1/4 finalda Meksikanın “Monterrey” klubu ilə üz-üzə gələcək. Bu mərhələnin digər görüşündə Tunis “Esperans”ı Asiya Çempionlar Liqasının hələ dəqiqləşməyən qalibi ilə görüşəcək. Bu komandanın adı noyabrda bilinəcək.
Avropanın ən güclüsü “Liverpul” yarımfinaldan mübarizəyə qoşulacaq. İngiltərə təmsilçisi 1/4 finalın 1-ci cütünün qalibi ilə qarşılaşacaq.
Cənubi Amerikanı təmsil edəcək Libertadores kubokunun qalibinin rəqibi Afrika və Asiya klublarının duelində qalib gələn tərəf olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatının son qalibi İspaniya “Real”ı olub.