Bakı - APA-Economics. "Bank VTB (Azərbaycan)" kredit ödənişlərində çətinliklə üzləşən müştəriləri üçün xüsusi tədbirlər proqramı hazırlayıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, proqrama əsasən, bank kredit borcunu ödəmək üçün müştərilərinə üç təklif təqdim edir ki, bu, həm aylıq ödənişləri, həm də kredit üzrə faiz dərəcəsini azaltmağa imkan verəcək.
Güzəşt proqramının birinci bəndi iş yerini və ya əsas gəlir mənbəyini itirmiş müştərilər üçün nəzərdə tutulub. "Bank VTB (Azərbaycan)" çətin vəziyyətlə üzləşmiş belə müştərilərini dəstəkləməyi vacib hesab edir və bu kateqoriyaya aid müştərilərinə 6 aylıq güzəşt müddətində aylıq ödənişləri əhəmiyyətli dərəcədə azaltmaq imkanı yaradır. Belə ki, güzəşt müddəti ərzində "Avtokredit" və "Girovlu istehlak krediti" olan müştərilərə aylıq annuitet ödənişlərinin cəmi 10%-ni, "Nağd kredit" məhsulu üzrə borcu olanlara isə 15%-ni ödəmək təklif olunur. Bundan başqa, kreditlərin ödəniş müddəti "Girovlu istehlak krediti" məhsulu üzrə 84 aya qədər, digər kredit məhsulları üzrə isə 60 aya qədər uzadıla bilər. Güzəşt dövrü ərzində minimal ödənişləri gecikməsiz həyata keçirən müştərilərə Bank kreditin ödənişi üzrə əlavə güzəştlər də təklif edəcək. Qeyd edək ki, 6 aydan sonra da müştəri işlə təmin olunmazsa, güzəşt müddətinin uzadılması mümkündür.
"Devalvasiyadan əvvəl ödədiyindən daha az ödə" ideyasını ifadə edən ikinci təklif dollarla krediti olan müştərilərə aiddir. Bu şəxslərə VTB (Azərbaycan) 12 aylıq güzəşt dövrü ərzində aylıq ödənişlərin azaldılmasını təklif edir. Müştərinin gəlirindən və borc yükündən asılı olaraq, aylıq ödəniş üzrə maksimal endirim 50% təşkil edə bilər. Bu, dollar krediti olan müştərilərin borc yükünü azaltmağa imkan yaradacaq. Bundan başqa, sözügedən təklif üzrə kredit müddətinin "Girovlu istehlak krediti" məhsulu üzrə 84 aya qədər, digər kredit məhsulları üzrə 60 aya qədər uzatmaq imkanı verilir. Bu təklifin əsas üstünlüklərindən biri güzəşt müddəti bitdikdə kreditin faiz dərəcəsi üzrə əhəmiyyətli endirim almaq imkanıdır. Güzəşt müddəti ərzində aylıq ödəmələrini gecikməsiz həyata keçirən müştərilər üçün Bank, faiz dərəcəsini 25% azaltmağa hazırdır.
Həmçinin, manat və rublda krediti olan müştərilər üçün də sərfəli təkliflər hazırlanıb. Gəlir və borc yükündən asılı olaraq, bu müştərilərə ilk 12 ay müddətinə aylıq ödənişin 30%-dək azaldılması və fərdi ödəniş qrafikinin tərtib edilməsi təklif olunur. Bu kateqoriyaya aid müştərilərə də kredit müddətinin uzadılması imkanı veriləcək.
"Bank VTB (Azərbaycan)" hər zaman olduğu kimi, bu gün də müştərilərinin yanındadır və çətinliklərin həllində onlara kömək etməyə hazırdır. Məhz buna görə, "Müştəriyə dəstək" adlı xüsusi proqram hazırlamışıq. Bu proqram çərçivəsində “VTB (Azərbaycan)” öz müştəriləri üçün əhəmiyyətli güzəştlər təklif edir. Güzəştlər tək dollarda olan kreditlərə aid deyil, bankımız eləcə də manat və rublla krediti olan müştərilərimizin borc yükünü azaltmağı nəzərdə tutur. Əminik ki, birlikdə bütün çətinliklərin öhdəsindən gələ bilərik!" - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.