Millətlər Liqası: Azərbaycan yğmasının rəqibləri bəlli olacaq

Millətlər Liqası: Azərbaycan yğmasının rəqibləri bəlli olacaq
# 16 dekabr 2021 00:15 (UTC +04:00)

Bu gün Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan yığmasının da rəqibləri bəlli olacaq. 3-cü dəfə təşkil olunacaq yarışda əvvəlki illərdəki kimi Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada qüvvəsini sınayacaq. Millimiz gücünə görə 3-cü olan C liqasında çıxış edəcək.

Püşkatmada A, B və C liqalarındakı 16 yığma hərəsində 4 komandanın yer aldığı 4 qrupa bölünəcək. D liqasındakı 7 futbol cırtdanı biridə 4, digərində 3 komandanın olduğu qruplara ayrılacaq.

Komandalar iki dövrəlik dairəvi sistemlə mübarizə aparacaq. A liqasının 4 qrup qalibi kubok uğrunda final mərhələsində çıxış edəcək. B, C və D liqalarının qrup qalibləri 2024/25 mövsümündə daha yüksək dəstdə oynamaq hüququ qazanacaq. A və B liqalarının qrup sonuncuları aşağı diviziona düşəcəksə, C liqasında 4 sonuncudan ikisi bu aqibətlə üzləşəcək.

AVRO-2020-də və DÇ-2022-də olduğu kimi Millətlər Liqası AVRO-2024-ün pley-offuna da vəsiqə verəcək. Lakin bu turnirin reqlamenti təsdiqlənmədiyi üçün bu prosedurun necə olacağı hələ bəlli deyil. Reqlamentin 2022-ci ilin iyununda dəqiqləşəcəyi gözlənilir.

Millətlər Liqasının püşkü zamanı yığmalar ötən turnirdəki nəticələrinə əsasən səbətlərə bölünüb. Azərbaycan millisi C liqasının 3-cü səbətində yer alıb.

Komandamızın mümkün rəqiblərindən ikisi qeyri-müəyyəndir. Gələn ilin martında baş tutacaq pley-offun Qazaxıstan – Moldova və Kipr –Estoniya cütlərində qalib gələnlər C liqasında qalacaq, uduzanlar D liqasına yuvarlanacaq.

A liqası
1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika
2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya
3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya
4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

B liqası
1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya
2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya
3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya
4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C liqası
1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya
2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya
3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo
4-cü səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Cəbəllütariq, Farer adaları

D liqası
1-ci səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Lixtenşteyn, Malta
2-ci səbət: Latviya, San-Marino, Andorra

Artıq turnirin oyun günləri də bəllidir. Gələn il iyunun 1-14-də ilk 4 turun matçları baş tutacaq. Sentyabrın 22-27-də isə qruplarda son iki tur oynanılacaq.

Həlledici qarşılaşmalar 2023-cü ilə planlaşdırılıb. İyunun 14-15-də yarımfinal, 18-də üçüncülük matçı və final keçiriləcək. Pley-off martın 21-23 və 24-26-na təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR