"Qarabağ" APOEL-lə ilk oyununa Nikosiyada çıxacaq

"Qarabağ" APOEL-lə ilk oyununa Nikosiyada çıxacaq
# 06 avqust 2019 01:03 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə qarşılaşacaq. Əvvəlki iki mərhələdə olduğu kimi yenə ilk oyun səfərdə keçiriləcək.

Görüş Nikosiyanın GSP stadionunda baş tutacaq. Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandolk”u (1:1, 3:0) ilə matçlarda uduzmayan Ağdam klubu məğlubiyyətsizlik seriyasını artırmağa çalışacaq.

Mövsümün əvvəlki hər iki səfər matçında heç-heçə edən “Qarabağ” üçün Nikosiyada da bərabərlik qənaətbəxş nəticə sayılır. Qurban Qurbanovun komandası Çempionlar Liqasında mübarizəni davam etdirmək, Avropa Liqasına yuvarlanmamaq üçün Kiprdən qənaətbəxş nəticə ilə dönməlidir.

Ağdam təmsilçisi bu vəzifənin öhdəsindən gəlsə, mərhələni evdə adlayaraq pley-offa yüksələcək. Bununla da çempionumuz ən azı Avropa Liqasının qrupunda yerini təmin edəcək.

Qeyd edək ki, son 5 ildə qrup mərhələsinin daimi iştirakçısı olan “Qarabağ” bir dəfə Çempionlar Liqası, dörd dəfə Avropa Liqasında bunu bacarıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
Çempionlar yolu
6 avqust
21:00. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Davide Massa
Baş hakimin köməkçiləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Romano Klavedeşer (İsveçrə)
Nikosiya. GSP stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR