Bakı. Fərid Mirzəyev - APA. Bakıda “Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
APA-nın xəbərinə görə, konfrans Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunub. Tədbir AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə bildirib ki, Azərbaycan tarixi bayram ərəfəsindədir: “2016-cı ildə təkcə Azərbaycanın yox, digər MDB ölkələrinin müstəqilliklərinin də 25 illiyi tamam olur. Ona görə də tədbirin adı "Müstəqillik illərində Azərbaycan və MDB ölkələrinin incəsənəti" adlanır. Bu 25 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Memarlıq və şəhərsalma sahəsində də inkişaf göz önündədir”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-da dövlət müstəqilliyinin 25 illiyinin qeyd olunması ilə bağlı tədbirlərə start verilib. Bu gün Azərbaycan dövlətinin dünyada bir sıra uğurlara imza atdığını vurğulayan akademik deyib ki, konfransın mövzusu aktualdır.
Konfransda “Müstəqil türk ölkələrinin boyakarlığında Qorqud surəti”, “Musiqi türkologiyasının əsasları”, “Müstəqillik illərində Azərbaycan memarlığının inkişafı”, “Azərbaycanda müasir xalça sənətinin inkişafı” və digər mövzularda məruzələr dinlənilib.