Azərbaycan yığmamızın 3 qol vurduğu oyun tarixi görüşlər sırasına salınıb

Azərbaycan yığmamızın 3 qol vurduğu oyun tarixi görüşlər sırasına salınıb
# 01 may 2015 09:45 (UTC +04:00)

Bakı – APA. UEFA milli komandalar üçün debüt xarakteri daşıyan ən yaddaqalan oyunların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 11 qarşılaşma yer alıb.

1872-ci ildə baş tutan İngiltərə - Şotlandiya qarşılaşması (0:0) yığmaların iştirakı ilə baş tutan ilk görüş kimi tarixə düşüb. 1902-ci ildəki Avstriya – Macarıstan matçı (5:0) Böyük Britaniya təmsilçisi olmadan keçirilən ilk görüşdü.

11 əlamətdar debüt arasında Azərbaycan yığmasının ilk oyunu da yer alıb. 1992-ci ildə sentyabrın 17-də Gürcüstanın Gürcüani şəhərində 3 minə yaxın tamaşaçının gözü önündəki qarşılaşmada meydan sahibləri 6:3 hesabı ilə qalib gəlib. Gürcüstanlıların 6 qoluna 5 futbolçu imza atıbsa, yığmamızda 2 oyunçu fərqlənib.

UEFA-nın rəsmi saytının oyun haqda qeydlərində millimizin ilk qolunun və dublunun müəllifi olan Nazim Süleymanovun fikirləri də yer alıb: “Bu matç yığmamızın ilk görüşü idi. Biz də ölkəmizi yaxşı səviyyədə təmsil etmək istəyirdik. Lakin matça yaxşı hazırlaşmağımız alınmadı. Elə meydanın səviyyəsi də yaxşı vəziyyətdə deyildi”.

Qeyd edək ki, UEFA-nın siyahısındakı son debüt 2013-cü ildə qeydə alınıb. Həmin vaxt Slovakiya ilə üz-üzə gələn Cəbəllütariq ilk qarşılaşmasına çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR