Ramin Musayev: “Çempionatda 8 komanda mübarizə apara bilər”

Ramin Musayev: “Çempionatda 8 komanda mübarizə apara bilər”
# 16 may 2016 13:50 (UTC +04:00)

Bakı – APA. “I divizion klubları ilə bağlı qərar hələ verilməyib. Bu barədə indidən nəsə demək olmaz. Ancaq “Rəvan” və “Xəzər Lənkəran” klubunun lisenziya almamağı bizi üzür”. Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün AFFA-nın Lisenziya Komissiyasının keçirilən iclasında 2016/17 mövsümündə Topaz Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Komissiya klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, “Xəzər Lənkəran” və “Rəvan” istisna olmaqla, Premyer Liqanın hazırkı iştirakçılarına növbəti mövsümdə də elitada oynamaq hüququ verib.

PFL rəhbəri “Rəvan”la bağlı başqa planlarının olduğunu bildirib. O, bu komandanı yenidən bölgəyə aparmaq fikrində olduqlarını söyləyib: “Fikrimiz var idi ki, “Rəvan” Premyer Liqada qalmalı olsa, klub rəhbərliyindən xahiş edək, komanda yenidən Salyana qayıtsın. Bunun üçün lazım olan köməkliyi etməyə də hazır idik. Yəni “Rəvan”ı yenidən region komandası etmək istəyirdik. “Xəzər Lənkəran” isə Azərbaycan çempionatında iştirak etdiyi ilk gündən həmişə diqqət mərkəzində olub, çempionata xüsusi maraq yaradıb”.

Lisenziyalaşdırma Komissiyası adıçəkilən klublara güzəşt edərək, onlara 14 gün əlavə vaxt verib. Musayev problemi yoluna qoymaq üçün bu müddəti yetərli hesab edib: “Mənə elə gəlir ki, 14 günə problemi yoluna qoya bilərlər. Düzdü, onların problemlərinin nə olduğunu dəqiq deyə bilmərəm. Məsələn, “Xəzər Lənkəran”da olan borc problemi bir dəqiqəyə də həll oluna bilər”.

PFL rəhbəri sonda iki həftə ərzində heç bir klubun sənədləri qaydasında olmasa, gələn mövsüm Premyer Liqada 8 komandanın mübarizə aparacağını istisna etməyib: “Bu komandalar tələblərə cavab verməsələr, başqa yolumuz qalmayacaq”.

Ancaq yetərsayı doldurmaq üçün 1-2 klub çempionata cəlb oluna bilər. Ramin Musayev belə olacağı təqdirdə, “Xəzər Lənkəran”ın yenidən elitada iştirak etməsini çox istədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR