Metyu Brayza: “Dağlıq Qarabağın sakinləri bölgənin statusunun müəyyənləşdirilməsində əsas rol oynamalıdır”

Metyu Brayza: “Dağlıq Qarabağın sakinləri bölgənin statusunun müəyyənləşdirilməsində əsas rol oynamalıdır”
# 05 avqust 2008 08:34 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. O bildirib ki, nazirlər həmsədrlərin Madrid təkliflərində əks olunmuş təkliflərlə bağlı ölkələrinin mövqelərini uzlaşdırmaq və münaqişənin həllinə nail olmaq məqsədilə danışıqları davam etdirməyə razılaşıblar. M. Brayza təklifləri balanslaşdırılmış aspektlərin paketi adlandırıb: “Ayrı-ayrılıqda hər hansı elementin razılaşdırılmadığını yadda saxlamaq çox vacibdir. Hər hansı elementin razılaşdırılması üçün yeganə yol odur ki, bütün elementlər eyni vaxtda razılaşdırılsın”. Moskvada səsləndirdiyi bəyanatı şərh edən M. Brayza həmsədrlərin Azərbaycanın ərazi bütövlüyünə riayət olunması mövqeyindən çıxış etdiyini söyləyib: “Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli üçün Azərbaycan və Ermənistan əvvəl-axır Dağlıq Qarabağın statusuna dair kompromis əldə etməli olacaqlar. Biz bu kompromisin necə olacağını və necə əldə ediləcəyini qabaqcadan söyləyə bilmərik. Ancaq həmsədrlər tövsiyə edirlər ki, Dağlıq Qarabağ sakinləri gələcəkdə bölgənin statusunun səsvermə yolu ilə müəyyənləşdirilməsində əsas rol oynasınlar”. Amerikalı vasitəçinin fikrincə, bu cür səsvermənin spesifikası tərəflər arasında müzakirə olunmalıdır: “Səsvermə yalnız qaçqınların və məcburi köçkünlərin qayıdışından sonra keçirilə bilər ki, buna da müəyyən qədər vaxt lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR