Ermənistan parlamentinə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı bir neçə qanun layihəsi daxil olub

Ermənistan parlamentinə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı bir neçə qanun layihəsi daxil olub
# 29 avqust 2008 10:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Beynəlxalq hüquq artıq yoxdur, dünyanı siyasi maraqlar idarə edir. Bu siyasi maraqlar ölkələrin yox, siyasi liderlərin maraqlarıdır”. APA-nın məlumatına görə, bu fikirləri AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev bu gün Cənubi Qafqazdakı durumla bağlı politoloq və hüquq müdafiəçilərin iştirakı ilə keçirilən dəyirmi masada deyib. O hesab edir ki, regionda vəziyyət birmənalı deyil: “1945-ci il sxemi yenidən reallaşa bilər, sadəcə bu dəfə Rusiyanın qarşısını almaq üçün İran seçilə bilər. İstənilən halda bu sxem Azərbaycan üçün əlverişli deyil. İndiki vəziyyətdə ABŞ Ermənistanı Rusiyadan ayırmaq istəyir və bu işdə Türkiyənin rolundan istifadə edir”. R. Mustafayev Ermənistan parlamentinə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı 7-8 layihə daxil olduğunu bildirib. Onun fikrincə, Ermənistan Şimali Kipri tanısa, Azərbaycanla Türkiyə arasında vəziyyət gərginləşəcək. Tədbirdə çıxış edən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadənin fikrincə, Azərbaycan Türkiyədən çox şey gözləməməlidir: “Siyasətdə qohumluq olmur, əsas olan ölkənin mənafeyidir. Türkiyə böyük bir dövlətdir, onun öz maraqları var. Ankara bu çətin dünyada çox ağıllı siyasət aparır. Hazırda Azərbaycanla Türkiyə iqtisadi cəhətdən çox bağlı olsa da, Türkiyədən Azərbaycanı 100 faiz qane edəcək addım atmağı gözləmək olmaz”. Dəyirmi masada digər politoloq və hüquq müdafiəçiləri də çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR