ABŞ-ın vitse-prezidenti Riçard Çeyni: “Bu gün Dağlıq Qarabağ münaqişənin həlli indiyə qədər olduğundan daha çox vacibdir”

ABŞ-ın vitse-prezidenti Riçard Çeyni: “Bu gün Dağlıq Qarabağ münaqişənin həlli indiyə qədər olduğundan daha çox vacibdir”
# 04 sentyabr 2008 08:13 (UTC +04:00)
Regionda həyata keçirdiyimiz enerji layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi və Azərbaycanın təşəbbüsü ilə başlayıb. Bütün bu layihələr artıq reallaşıb. Bunlar, sözün əsl mənasında, uğurlu hadisələrdir”. Bu sözləri ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ilə sentyabrın 3-də keçirilmiş görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hazırda energetika sahəsində tərəfdaşlığın və enerji təchizatının genişləndirilməsinin daha da inkişaf etdirilməsi üzərində iş aparıldığını qeyd edən dövlət başçısı bunun təkcə istehlakçılar üçün deyil, Azərbaycan istehsalçıları üçün də vacib olduğunu söyləyib.

Prezident İ. Əliyev bundan sonra iki ölkə arasında münasibətlərin digər müxtəlif sahələrdə də inkişaf etməyə başladığını, əlaqələrin hazırda çox geniş formatı əhatə etdiyini diqqətə çatdırıb. Siyasi əlaqələrin uğurla inkişaf etdiyini və güclü iqtisadi münasibətlərin olduğunu deyən dövlət başçısı təhlükəsizlik, müdafiə, beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının rəsmi Bakı üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Prezident İ. Əliyev Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın hər iki tərəfin münaqişənin həlli yollarını tapması işinə kömək göstərilməsində vacib rol oynadığını qeyd edərək, digər münaqişələr kimi, bu münaqişənin də beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyini diqqətə çatdırıb: “Bu münaqişə Azərbaycanın, regionun və dünyanın bütün ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsi şərti ilə həll olunmalıdır”.

Regiondakı vəziyyətə toxunan dövlət başçısı Azərbaycanın böyük regional əhəmiyyət daşıyan, geniş məkanı əhatə edən bir sıra layihələrin təşəbbüskarı olduğunu söyləyib: “Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycanla ABŞ arasında münasibətlər çox mühüm, hətta mən deyərdim, həlledici rol oynayır. Bu günə qədər əməkdaşlığımız uğurla gedir və planlaşdırdığımız işləri həyata keçirə bilmişik. Əminəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında, eləcə də digər regional ölkələrlə güclü tərəfdaşlıq gələcəkdə daha çox müvəffəqiyyətlərin əldə olunması, təhlükəsizlik tədbirlərinin, sülhün, sabitliyin və rifahın daim möhkəmləndirilməsi ilə nəticələnəcək”.

Öz növbəsində, Azərbaycan səfər etməsindən məmnunluğunu dilə gətirən R. Çeyni bu səfərin bir neçə vaxtdır ki, planlaşdırıldığını deyib: “Mən Prezident Buşun və Amerika xalqının Azərbaycan xalqına xoş arzularını çatdırıram. Bir çox məsələ üzrə ABŞ-la Azərbaycanın mövqeyi eynidir. Hər iki tərəf dünyanın bu önəmli regionunda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. Biz özümüz və beynəlxalq birlik üçün enerji təhlükəsizliyi məsələlərinin həllinə xüsusi əhəmiyyət veririk. Hər iki tərəf sülhün bərqərar olunması işinə tam sadiqdir. Azərbaycan və ABŞ bu gün qorxu altında olan sülh, təhlükəsizlik və sabitlik kimi prinsiplərin qorunmasına xüsusi əhəmiyyət verir”.

Görüşün Rusiyanın Gürcüstan ərazisinə girdiyi bir vaxtda baş tutduğunu söyləyən vitse-prezident bu aktın beynəlxalq birlik tərəfindən aydın şəkildə pisləndiyini diqqətə çatdırıb: “Bu baxımdan Prezident Buş və mən Azərbaycan xalqına və bütün regiona aydın və sadə mesajı çatdırırıq: Birləşmiş Ştatlar bu regionda rifahın və təhlükəsizliyin tam bərqərar olunmasında dərindən və hərtərəfli maraqlıdır. Artıq iki onillik ərzində biz xalqınıza müstəqilliyin, suverenliyin qurulması və möhkəmləndirilməsi, eləcə də nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiyası yolunda dəstək vermişik. Bu gün biz həmin öhdəliyimizi və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik. Amerika Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin ölkənizin ərazi bütövlüyü prinsipinə və bütün digər beynəlxalq hüquq normalarına əsaslanan danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bu gün münaqişənin həlli indiyə qədər olduğundan daha çox vacibdir. Çünki bu məsələnin həllindən regiondakı sülh və sabitlik, o cümlədən Azərbaycanın təhlükəsizliyi asılıdır”.

ABŞ-ın Azərbaycanın enerji sahəsində Qərb ölkələri ilə əməkdaşlığa sadiqliyini yüksək dəyərləndirdiyini qeyd edən R. Çeyni təbii sərvətlərin sərbəst nəqlini təmin etmək və əlavə ixrac marşrutlarının işlənməsi üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş aparılmasına inandıqlarını vurğulayıb, enerji təhlükəsizliyi məsələləri son illərdə daha çox əhəmiyyət kəsb etdiyini bildirib.

O, ABŞ-ın beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə verdiyi töhfəyə görə ölkəsi adından Azərbaycana minnətdarlıq edib: “Bizim qüvvələrimiz Əfqanıstan və İraqda birgə çalışır, zorakılıq və ekstremizm hallarının qarşısının alınmasında əməkdaşlıq edirlər. Ölkələrimiz təhlükəli rejimlərdən irəli gələn kütləvi qırğın silahlarının yayılmasının həm Azərbaycan, həm də beynəlxalq birlik üçün risk doğurduğunu yekdilliklə etiraf edirlər. Amerika Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda sülh və təhlükəsizlik işinə verdiyi böyük töhfəsini yüksək dəyərləndirir”.

R. Çeyni demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə və Azərbaycan xalqının üzləşdiyi mürəkkəb problemlərin həllində, habelə müasir, tərəqqi edən və müstəqil dövlətin qurulmasında Azərbaycan xalqının səylərini dəstəklədiklərini diqqətə çatdırıb: “Biz ölkənizin dünyanın bu guşəsində sülh və sabitliyin bərqərar olmasına nümunə kimi xidmət edəcəyinə inanırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR