Azərbaycan Milli Məclisin sədri Macarıstan Milli Assdambleyasının sədri ilə görüşüb

Azərbaycan Milli Məclisin sədri Macarıstan Milli Assdambleyasının sədri ilə görüşüb
# 05 sentyabr 2008 12:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Macarıstan Milli Assambleyasının sədri, xanım Katalin Szilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov görüşdə Macarıstanla iqtisadi sahədə əməkdaşlığın mövcud potensialı əks etdirməməsindən təəssüfləndiyini deyib: “Ərzaq və əczaçılıq sənayesi, turizm, nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş imkanlar vardır”.

Spiker regional münaqişələrdən söz açaraq, Dağlıq Qarabağ probleminin təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına böyük maneə olduğunu vurğulayıb: “Beynəlxalq qurumlar və dünya birliyi bu cür həssas məsələlərdə ardıcıl olmalı və prinsipial mövqe göstərməlidir. Cənubi Qafqazda son dövrdə baş vermiş hadisələr bölgədəki bu münaqişələrin həm də Avropa üçün böyük təhlükə olduğunu bir daha təsdiqlədi. Biz belə münaqişələrin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq və bu məsələdə Macarıstanın dəstəyinə ümid edirik”.

O. Əsədov ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolunun böyük olduğunu, Milli Məclisdə Macarıstanla əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərdiyini deyib.

Macarıstan parlamentinin spikeri öz növbəsində parlamentlərin müvafiq komissiyaları arasında birbaşa əlaqələrin yaradılmasının iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin dərinləşməsinə müsbət təsir göstərdiyini bildirib. Qonaq informasiya və təcrübə mübadiləsi baxımından parlament nümayəndə heyətlərinin səfərlərinə böyük önəm verdiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR