Novruz Məmmədov: “Təəssüf ki, Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursu yoxdur”

Novruz Məmmədov: “Təəssüf ki, Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursu yoxdur”
# 27 sentyabr 2008 14:27 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü şərh edən PA rəsmisi bildirib ki, görüşdə regionda son vəziyyət ətrafında müzakirə aparıldığını deyib: “Nazirlər xüsusilə bu situasiyada Ermənistan-Azərbaycan münaqişəsinin həlli, regional problemlər və proseslər, onların perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Əslində regional vəziyyətin perspektivi əsas etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Ona görə də görüş zamanı prezidentlərin də münaqişənin həlli ilə bağlı görüşü məsələsi müzakirə olunub”.

Ermənistan prezidenti Serj Sərksiyanın Azərbaycanı Dağlıq Qarabağa sərmayə yatırmağa çağırmasına münasibət bildirən Novruz Məmmədov adı çəkilən Ermənistan rəhbərliyinin ardıcıl xarici siyasət kursunun olmadığını deyib: “Çox təəssüf edirəm ki, Ermənistan rəhbərliyinin xarici siyasətində ardıcıl bir xətt yoxdur. Onlar bu gün bir cür, sabah başqa cür bəyanat verir, üçüncü gün hər iki bəyanatın əksinə olan fikirlər söyləyirlər. Hər dəfə də öz bəyanatlarını hansısa formada əsaslandırmağa çalışırlar. Yəqin ki, bu durum Ermənistan rəhbərlərinin hələlik dövlətçiliyin gələcəyini yaxşı görməməyindən irəli gəlir. Çünki bu yolla dövləti, cəmiyyəti, milləti xoşbəxtliyə aparmaq çətindir. Onlar bir fikir söyləyəndə onun bu gün, sabah, hansı təməllər üzərində duracağını sanki heç fikirləşmirlər.

Dünən Serj Sərkisyan utanmadan BMT Baş Assambleyasının tribunasından qeyd edir ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərini pozur. Amma bütün dünya bilir ki, 20 ildir ki, beynəlxalq hüququ pozan tərəf Ermənistandır. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, onları yerinə yetirməyən tərəf, başqa ölkənin ərazisini işğal edən və 20 ildir işğal altında saxlayan, etnik separatçılıq siyasəti yürüdən tərəf Ermənistandır. Buna baxmayaraq Serj Sərkisyan utanmadan əvvəl belə fikir söyləyir, sonra münaqişənin həllindən, investisiyalardan danışır. Əlbəttə ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, Azərbaycanın öz ərazisinə investisiya qoymaq fikri var, lakin bunun üçün münaqişə tam həll olunmalı, Ermənistan Silahlı Qüvvələri bu torpaqdan çıxıb getməli, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməlidir. Buna təminat alınandan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıracaq”.

Novruz Məmmədov bütün dünya ölkələrinin dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib: “Son zamanlar Rusiya rəhbərliyi, ABŞ vitse-prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri ilə bağlı bəyanat veriblər. Lakin bundan o tərəfə daha etibarlı, daha qətiyyətli addım hələlik atılmır. Bugünkü dünya birliyinin ən zəif cəhətidir. Dünyanın aparıcı ölkələri beynəlxalq hüququn həyata keçirilməsi və tətbiq olunmasında müəyyən mənada zəiflik göstərirlər. Onlar bu yanaşmanın sonda özlərinə ziyan gətirəcəyini nə üçün görə bilmirlər? Cənubi Qafqazda son baş verən hadisələr əslində bu müstəvidə təhlil oluna bilər. Münaqişə qaldıqca, dondurulduqca, o bir təhlükəni özündə saxlayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR