Səfir Emin Eyyubov: “Azərbaycan yalınız işğal olunmuş torpaqlar azad edildikdən sonra Ermənistanla ikitərəfli əməkdaşlıq edə bilər”

Səfir Emin Eyyubov: “Azərbaycan yalınız işğal olunmuş torpaqlar azad edildikdən sonra Ermənistanla ikitərəfli əməkdaşlıq edə bilər”
# 19 noyabr 2008 08:20 (UTC +04:00)
Brüssel. Viktoriya Dementyeva – APA. “Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri Avropaya inteqrasiyadır. Azərbaycan Avropa Birliyi ilə münasibətlərini bu əsasda qurur”. APA-nın Brüsselə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Birliyindəki daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov deyib. İsveç və Polşa tərəfindən irəli sürülən “Şərq tərəfdaşlığı” təşəbbüsünə toxunan diplomat ötən ay Avropa Komissiyasının nümayəndəsinin bu proqramla bağlı müzakirə aparmaq üçün Azərbaycana səfər etdiyini söyləyib və AB-də bu mövzuda müzakirələrin davam etdiyini bildirib. Səfir bu barədə sənədin hələ tam hazır olmadığını, ancaq Avropa Qonşuluq Siyasətindən fərqlənəcəyini və sənəddə əks olunacaq təkliflərin daha konkret olacağını vurğulayıb. O, hələlik Azərbaycanın AB ilə kənd təsərrüfatı, nəqliyyat və enerji sahələrində əməkdaşlıqda maraqlı olduğunu və ölkə vətəndaşlarının AB ölkələrinə girişi üçün viza rejiminin sadələşdirilməsini istədiklərini açıqlayıb. Bütün bu məsələlər Avropa Qonşuluq Siyasəti proqramında əksini tapıb. Səfirin sözlərinə görə, viza rejiminin sadələşdirilməsi mövzusunda aparılan dialoqun şərtlərindən biri readmissiya – yəni qeyri-qanuni miqrantların ölkəyə geri qaytarılmasıdır. “Şərq tərəfdaşlığı” çərçivəsində Azərbaycanın digər bölgə ölkələri ilə əməkdaşlıqda maraqlı olub-olmadığına dair sualı cavablandıran E. Eyyubov rəsmi Bakının ənənəvi mövqeyini xatırladıb: “Azərbaycan Ermənistanla ikitərəfli əməkdaşlığa o halda hazır olacaq ki, bu ölkə işğal olunmuş torpaqları azad etsin və qaçqınlarla məcburi köçkünlər öz evlərinə qayıtsınlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR