Barak Obama: ”Erməni məsələsi ilə bağlı mövqeyim dəyişməyib”

Barak Obama: ”Erməni məsələsi ilə bağlı mövqeyim dəyişməyib”
# 06 aprel 2009 14:01 (UTC +04:00)
A. Gül iki ölkə arasında strateji tərəfdaşlığın, eləcə də iqtisadi əməkdaşlığın inkişafını, texnologiyalar, investisiyalar sahəsində qarşılıqlı fəaliyyəti müzakirə etdiklərini deyib. O bildirib ki, ABŞ super güc olaraq dünyadakı bütün problemlərlə maraqlanır və maraqlanmalıdır: “Terrorçuluqla mübarizə, Əfqanıstan, Orta Şərq və Qafqaz bölgələrində birgə çalışacağıq”.

B. Obama isə bir həftədir Avropada olduğunu xatırladaraq bu turneni Türkiyədə tamamlamasının təsadüf olmadığını söyləyib: “Mən bir həftəlik səfərimi Türkiyədə bitirməklə Türkiyənin dünyada nə qədər əhəmiyyətli ölkə olduğunu vurğulamaq istəyirdim. Türkiyə demokratiyaya, bazar iqtisadiyyatına önəm verən, NATO üzvü olan müsəlman ölkəsidir. Biz Türkiyə ilə Əfqanıstan və İraqda bundan sonra necə əməkdaşlıq edəcəyimizi, Amerika qoşunları İraqdan çəkilərkən hansı addımların atılacağını, terrorçuluqla mübarizəni, bölgədəki və dünyadakı nüvə problemini, ticarət, biznes və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik. Mən Türkiyəyə dəstək verəcəyimizi təkrarladım. Biz birlikdə çalışaraq strateji ortaqlığımızı davam etdirəcəyik”.

Sonra prezidentlər jurnalistlərin suallarına cavab veriblər. ABŞ-ın “Chicago Tribune” qəzetinin əməkdaşı B. Obamadan senator olarkən “erməni soyqırımı” ilə bağlı tutduğu mövqenin hazırda dəyişib-dəyişmədiyini soruşub. B. Obama bu suala belə cavab verib: “Mənim mövqeyim bəllidir və dəyişməyib. Amma məni ən çox cəsarətləndirən məsələ hörmətli Gülün təşəbbüsü ilə Ermənistanla Türkiyə arasında müzakirələrin davam etməsidir. Bu müzakirələrdə bir çox məsələ, o cümlədən sizin dediyiniz məsələ də nəzərdən keçirilir. Müzakirələri izləyirəm və bu müzakirələr çox qısa müddətdə nəticə verə bilər. Bundan sonra mən diqqəti öz mövqeyim deyil, Türkiyənin mövqeyi üzərində cəmləşdirərək hərəkət etmək istəyirəm. Keçmişdə faciəvi olaylar yaşanıb. Amma dünya Türkiyəni cəsarətləndirməli və konstruktiv mövqe tutmalıdır. ABŞ prezidenti olaraq yaxın gələcəkdə veriləcək açıqlamalarla bağlı bir şey söyləmək istəmirəm. Türklər və ermənilər konstruktiv şəkildə ortaq məxrəcə gəlməlidir. Mən hörmətli Gülün uğurla apardığı müzakirələrə yardımçı olmaq istəyirəm. Kimsənin bu müzakirələri pozmasını istəmirəm”.

A.Gül isə uydurma “soyqırım”ın hüquqi-siyasi deyil, tarixi məsələ olduğunu deyib. O, Osmanlı İmperiyasının 1915-ci ildə 4 cəbhədə döyüşərkən ölkə daxilindəki ermənilərin xarici qüvvələrin təhriki ilə hərəkət etdiyini xatırladıb: “Həmin hadisələrdə biz çox insan həyatını itirib. Türklər çox böyük itkiyə məruz qalıb. Balkanlardan, Qafqazdan milyonlarla müsəlman qovulub. Amma Türkiyə yeni nəsilləri nifrət duyğusu ilə tərbiyə etməmək üçün bunu gündəmə gətirməyib. Təəssüf ki, erməni diasporası bunu siyasi məqsədlə daim gündəmdə saxlayıb. Biz istəyirik ki, tarixçilər, mütəxəssislər oturub bu problemi həll etsinlər. Kimin haqlı, kimin haqsız olduğuna siyasətçilər, parlamentarlar qərar verə bilməz. Ortaq bir komissiya qurulmalıdır. O komissiya hansı qərarı versə, biz ona hazırıq. Biz arxivlərimizi açmışıq, hər kəs gəlib baxa bilər. Biz qonşularımızla əlaqələrimizin yaxşı olmasını istəyirik. Ermənistanla da bu məqsədlə danışıqlara başlamışıq. Bu danışıqların müsbət nəticələnməsini gözləyirik. Qafqazda yeni mərhələ başlayıb. Ermənistanla Azərbaycan arasındakı problemin də həlli və bölgədə əməkdaşlıq mühitinin yaranması istiqamətində çalışırıq”.

B. Obama sonda PKK terroru ilə mübarizədə Türkiyəyə dəstək verməyə davam edəcəklərini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR