Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Vaşinqtonda Türkiyə jurnalistləri ilə görüşüb

Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Vaşinqtonda Türkiyə jurnalistləri ilə görüşüb
# 09 aprel 2009 08:40 (UTC +04:00)
Vaşinqton. Zaur Həsənov - APA. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATIB) sədri Əhməd Erentok və Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov Vaşinqtonda çalışan Türkiyə jurnalistləri ilə görüşüblər. APA-nın ABŞ bürosunun xəbərinə görə, görüşdə çıxış edən ATİB sədri istənilən qonşu dövlətlər arasında dialoqun tərəfdarı olduqlarını deyib, amma bu prosesin qarşılıqlı addımlara müşayiət olunmasının zəruriliyini vurğulayıb. Ə. Erentok türkiyəli jurnalistlərin diqqətinə çatdırıb ki, Türkiyənin 1993-cü ildən bəri Ermənistana etdiyi güzəştlərə rəsmi İrəvan heç nə ilə cavab verməyib. O, Türkiyənin bir neçə səbəbi əsas gətirərək sərhədləri bağladığını xatırladıb: ”Bu səbəblər saxta soyqırım iddiaları, Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanımaması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlarının işğalı idi. Lakin həmin dövrdən bəri nə dəyişib? Ermənistan Azərbaycanın torpaqlarını azad edibmi? Bəlkə soyqırım iddialarından əl çəkib? Əgər bunlar baş verməyibsə, Türkiyə hökuməti nəyin əsasında sərhədləri açmaq istəyir? Biz necə müəyyən edəcəyik ki, sərhədlərin açılmasından sonra ermənilər Dağlıq Qarabağ münaqişəsində sülhə doğru addım atacaqlar?”

ATİB sədri sərhədlərin açılmasının iki xalq arasına böyük bir səd çəkəcəyini söyləyərək “heç bizim övladlarımız da bu səddi aradan götürə bilməyəcək”, deyib. O, Türkiyə və Azərbaycanın birlikdə daha qüvvətli olduğunu bəyan edərək bunun bəzi dövlətləri narahat etdiyini vurğulayıb.

Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icraçı direktoru Adil Bağırov isə daha çox məsələnin iqtisadi tərəflərinə diqqət çəkib. Onun sözlərinə görə, bu gün Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollar civarındadır: “Bu əlaqələr Türkiyə ilə Ermənistan arasında həyata keçirilən aviareyslər, Gürcüstan və İran vasitəsilə daşınan yüklərlə təmin olunur. Ona görə də sərhədlərin açılması iki dövlət arasında ticari əlaqələrin artmasına ciddi təkan verməyəcək və sərhəddə yerləşən regionların rifahı səviyyəsinin dəyişməsinə xidmət etməyəcək. Cünki bu əlaqələr artıq mövcuddur”. A. Bağırov sərhədlərin açılmasının simvolik məna daşıdığını və Türkiyənin təzyiq altında hətta qardaş dövlətin maraqlarını tapdamağa razı olduğuna dair rəy yaradacağını qeyd edib. Onun fikrincə, Ermənistanla yaxınlaşmadan sonra Türkiyə biznesinin Azərbaycan vasitəsilə Rusiya və Orta Asiyaya çıxmasına da ciddi maneələr yaranacaq. A. Bağırov bütün səylərə baxmayaraq, ermənilərin uydurma “soyqırım”ın tanınması istiqamətində fəaliyyəti davam etdirdiklərini və bu günlərdə Havay ştatının da “soyqırım”ı tanıdığını xatırladıb. Onun sözlərinə görə, ölkənin qalan 7 ştatı da saxta “soyqırım”ı tanısa, onda 1915-ci il hadisələri avtomatik olaraq bütün ABŞ ərazisində tanınmış olacaq və bundan sonra ermənilərin Türkiyəyə qarşı iddiaları hüquqi, maddi və ərazi xarakteri daşıyacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR