Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədləri açmayacağıq”

Ərdoğan: “Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədləri açmayacağıq”
# 11 aprel 2009 08:10 (UTC +04:00)
APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib. Hazırda məzuniyyətdə olan Ərdoğan Antakya bələdiyyəsini ziyarət edəndən sonra jurnalistlərin Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair yayılan məlumatla bağlı sualının cavabında bildirib ki, Türkiyə ilə Ermənistan arasında baza prinsipləri ilə bağlı danışıqlar aparıla bilər: “Lakin bu, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma əldə olunmayana qədər bizim Ermənistanla hər hansı yekun saziş imzalamağımız mümkün deyil”.

Ərdoğan Ermənistan prezidenti Serj Sərksiyanın sərhədlərin bu ilin oktyabrına qədər açıla biləcəyi barədə bəyanatına da münasibət bildirib. Qeyd edək ki, S. Sərkisyan 1993-cü ildən bağlı olan TÜrkiyə-Ermənistan sərhədinin bu ilin oktyabrına qədər açıla biləcəyi barədə bəyanat verib. O, 2010-cu il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Türkiyə və Ermənistan yığmaları arasında bu il oktyabrın 7-də keçiriləcək oyuna sərhəddən keçməklə gedəcəyinə ümidvar olduğunu söyləyib.
Lakin Ərdoğan qeyd edib ki, prezidentin milli futbol matçına getməsinin sərhədlərin açılması ilə heç bir əlaqəsi yoxdur: “Türkiyə prezidentinin Ermənistanla oyuna getməsi sərhədlərin açılması deməkdirmi? Belə şey olarmı?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR