AŞ PA həmməruzəçiləri Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər

AŞ PA həmməruzəçiləri Azərbaycana səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər
# 13 aprel 2009 13:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova ölkəyə üç günlük (8-10 aprel) fakt-araşdırıcı səfərlərindən sonra bəyanat veriblər. APA-nın AŞ-nin Azərbaycandakı İnformasiya Ofisinə istinadən verdiyi məlumatına görə, həmməruzəçilər martın 18-də keçirilmiş referendumu şərh edərkən, ümumxalq səsverməsinə çıxarılan həssas məsələlərlə bağlı qabaqcadan məsləhətləşməyin düzgün olduğunu bildiriblər: “Biz istərdik ki, Konstitusiyaya dəyişikliklər layihəsi referendumdan xeyli əvvəl Venesiya Komissiyasına göndərilmiş olaydı. Avropa Şurasının rəyini qabaqcadan öyrənmək qanunvericiliyin Avropa standartlarına uyğun surətdə qəbul edilməsinə imkan verərdi”.

Onlar tövsiyə ediblər ki, maraqların münaqişəsinə dair qanun layihəsi parlament tərəfindən qəbul edilməzdən əvvəl rəy bildirilməsi üçün Venesiya Komissiyasına, Avropa Şurasının müstəqil hüquq ekspertləri qrupuna göndərilsin. Onlar, həmçinin, referendum vasitəsilə qəbul edilmiş Konstitusiya dəyişikliklərinin icrasına dair müəyyən qanun layihələrinin Komissiyaya göndərilməsi barədə Prezident Əliyevin qərarını alqışlayıblar.

A. Herkel və Y. Jivkova aprelin 9-da Mirzə Sakitin həbsxanadan azad edilməsini alqışlayıb, eyni zamanda hakimiyyət orqanlarını həbsxanada qalan jurnalistlərin azad edilməsinə şərait yaratmağa çağırıblar.

Qeyd edək ki, səfər zamanı həmməruzəçilər prezident, Milli Məclisin sədri, ədliyyə naziri və daxili işlər nazirinin müavini, eləcə də iqtidar və müxalifət partiyalarının üzvləri, jurnalistlər, səfirlər və QHT nümayəndələri ilə görüşüblər. Onlar hazırda həbsdə olan dilçi alim və talış dilində çıxan qəzetin baş redaktoru Novruzəli Məmmədova da baş çəkiblər.

Həmməruzəçilər, həmçinin, Naxçıvan Muxtar Respublikasına da səfər ediblər.

Həmməruzəçilərin səfərinin əsas məqsədi AŞ PA-nın Azərbaycana dair yeni məruzəsini hazırlamaq üçün AŞ-nin üzv dövləti qismində Azərbaycanın öz vəzifə və öhdəliklərini yerinə yetirməsindəki irəliləyişi, xüsusən demokratiya, insan hüquqları və qanunun aliliyinin vəziyyətini qiymətləndirmək olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR