Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib

Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib
# 15 aprel 2009 14:27 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Bu gün Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu mərkəz Moskva Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetinin birgə layihəsi olaraq yaradılıb. Mərasimdə MDDU-nun rektoru İrina Xaleyeva və BSU-nun rektoru Kamal Abdulla simvolik lenti kəsiblər. Daha sonra rəsmi açılış mərasimi universitetin akt zalında davam etdirilib. Mərasimə Moskvadakı Azərbaycan icmasının nümayəndələri, Rusiya Xarici İşlər Nazirliyinin, Dövlət Dumasının, Rusiya elmi ictimaiyyətinin nümayəndələri və tələbələr qatılıblar. Toplantıda çıxış eləyən İrina Xaleyeva sabah dövlət başçısı İlham Əliyevin Moskvaya səfər edəcəyini, bu aksiyanın həmin səfərə töhfə olduğunu deyib: “Mərkəz bu gün rəsmi olaraq fəaliyyətə başlayır, amma qeyri-rəsmi olaraq bir neçə ay fəaliyyət göstərir. Artıq üç il sonra Rusiyada ilk dəfə olaraq Azərbaycan dili tərcüməçiləri fəaliyyətə başlayacaq”.

Səfir Polad Bülbüloğlu çıxışında bildirib ki, mərkəzin açılışı Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə daha bir sübutdur: “Azərbaycan rus mədəniyyətinə hörmətlə yanaşılmasına nümunə rolu oynaya bilər, uğurla fəaliyyət göstərən Slavyan Universiteti ilə slavyan xalqlarının, əsasən də rus xalqının mədəniyyət mərkəzidir. Rusiyanın yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana səfər zamanı mütləq bu universitetə baş çəkirlər”.

Bakı Slavyan Universitetinin rektoru, professoru Kamal Abdulla mərkəzin fəaliyyətinə yardım göstərdikləri üçün MDDU-nun rəhbərliyinə təşəkkürünü bildirib: “Hələ üç il əvvəl bu nüfuzlu universitetdə Azərbaycan dilinin tədrisinə başlanılıb və Slavyan Universitetinin yüksək səviyyəli müəllimi Bella Musayeva burada yüksək səviyyədə tədris keçir. Bu mərkəzin açılışı ilə Rusiyada azərbaycanşünasların sayı artmış olacaq”.

Rusiya Xarici İşlər Nazirliyinin MDB dördüncü departamentinin direktor müavini Andrey Kryuçko çıxışında bildirib ki, bu mərkəzin açılışı ikitərəfli münasibətlərin inkişafına böyük töhfə vermiş olacaq: “Azərbaycan çoxmillətli ölkədir, bu dövlətdə rus dili və mədəniyyətinə böyük hörmətlə yanaşılır. Bu mərkəzin açılışı humanitar əməkdaşlıq istiqamətində növbəti hadisədir. Bundan əvvəl Azərbaycanda Moskva Dövlət Universitetinin filialı açılıb, Bakıda Rusiya Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb”.

Rəsmi açılış mərasimindən sonra tələbələr Azərbaycan və rus dillərində tərtib olunmuş konsert proqramı ilə çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR