Azərbaycan xarici işlər nazirinin müavini Böyük Britaniyada işgüzar səfərdə olub

Azərbaycan xarici işlər nazirinin müavini Böyük Britaniyada işgüzar səfərdə olub
# 01 dekabr 2009 09:33 (UTC +04:00)
Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov noyabrın 23-25-də Böyük Britaniyada işgüzar səfərdə olub. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər zamanı A. Əzimov Böyük Britaniya Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər keçirib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və transmilli cinayətkarlıq, narkotik maddələrin qanunsuz daşınması, qarşılıqlı informasiya mübadiləsi, enerji və qeyri-neft sektorunda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əlaqələrin inkişaf perspektivləri qiymətləndirilib. Görüşlərdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud səviyyəsindən məmnunluq ifadə edilərək ayrı-ayrı sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Dağlıq Qarabağ münaqişəsi, o cümlədən münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə də toxunulub.

Səfər çərçivəsində A. Əzimov Britaniya-Azərbaycan parlamentlərarası qrupunun üzvləri ilə görüşüb və Britaniya XİN-in təşkilatçılığı ilə “Cənubi Qafqaz və genişləndirilmiş Qara dəniz qonşuluğu: Regional inkişaf meylləri və avroatlantik inteqrasiya” mövzusunda keçirilmiş 995-ci “Vilton Park” yüksək səviyyəli beynəlxalq konfransında iştirak edib. O, konfransda çıxışında regional münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini nəzərə çatdırıb, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

Səfər zamanı A. Əzimov Türkiyənin “TRT Türk” televiziya kanalına müsahibə verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR