Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada bir sıra ikitərəfli görüşlər keçirib
# 02 dekabr 2009 07:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasında iştirak etmək üçün Afinada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəzi ikitərəfli görüşlər keçirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Latviyanın xarici işlər naziri Maris Reikstintslə görüşdə tərəflər Azərbaycan-Latviya əməkdaşlığının cari vəziyyətini yüksək qiymətləndirib, əlaqələrin daha da dərinləşdirilməsi üçün siyasi, iqtisadi, humanitar və digər sahələrdə təmasların intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. İki ölkə arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində də inkişaf etdirilməsinin vacibliyini bildirən tərəflər bu xüsusda Şərq Tərəfdaşlığı təşəbbüsünün yaratdığı imkanlardan faydalanmağın məqsədəuyğunluğunu vurğulayıblar. Nazir Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı təşəbbüsünə dair gözləntilərin əsas etibarilə ölkəmizdəki həyat standartlarının Avropa səviyyəsinə qaldırılması ilə bağlı olduğunu bildirib, bunun üçün birgə texniki proqramların həyata keçirilməsinin faydalı olduğunu vurğulayıb. Görüşdə regional məsələlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da toxunulub. Azərbaycanın heç zaman öz ərazilərinin işğalı ilə barışmayacağını bildirən nazir Elmar Məmmədyarov münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bildirib.

Xarici işlər naziri Elmar Məmmədyarov növbəti görüşü ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə keçirib. Görüşdə əsas etibarilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Münaqişənin nizamlanması ilə bağlı əsas maneənin Azərbaycan ərazilərinin işğalı faktının olduğunu bildirən nazir E. Məmmədyarov münaqişənin nizamlanmasında müsbət irəliləyiş kimi ilkin mərhələdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bildirib. Bu fikrə tam şəkildə razılığını ifadə edən Qoran Lenmarker Azərbaycan torpaqlarının işğaldan azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasının zəruriliyini qeyd edib. Azərbaycanın getdikcə qüdrətləndiyini və regionun aparıcı dövlətinə çevrildiyini vurğulayan Qoran Lenmarker ümumilikdə regionun inkişafı və çiçəklənməsində Azərbaycanın müstəsna rolunu vurğuyıb.

Sonra nazir E.Məmmədyarov Estoniyanın xarici işlər naziri Urmas Paet ilə görüşüb. Görüşdə əməkdaşlığın gücləndirilməsi üçün yüksək səviyyəli səfərlərin mübadiləsinin vacibliyini bildirən tərəflər habelə, iki ölkə arasında konkret layihələrin həyata keçirilməsi üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünün faydalı imkanlar açdığını bildiriblər. Nazir Elmar Məmmədyarov Sovetlər İttifaqının dağılmasından sonra Estoniyanın Avropa standartlarının təmini istiqamətində əldə etdiyi təcrübəsinin ölkəmiz üçün maraqlı olduğunu bildirib. Nazir Urmas Paet qeyd olunan sahələr üzrə Estoniya tərəfinin əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Elmar Məmmədyarov Slovakiyanın xarici işlər naziri Miroslav Lajcak ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin cari vəziyyəti və inkişaf perspektivlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin ikitərəfli formatda, habelə Avropa İttifaqı çərçivəsində inkişaf etməsinin vacibliyi vurğulanıb. Tərəflər əməkdaşlığın genişləndirilməsi üçün rəsmi səfərlərin mübadiləsinin vacibliyini qeyd ediblər. Nazir Elmar Məmmədyarov slovakiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Nazir Miroslav Lajcak dəvətə görə təşəkkür edib və dəvəti qəbul etdiyini bildirib. Tərəflər diplomatik kanallar vasitəsilə həmin səfərin tarixlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər. Görüşdə habelə Avropanın təhlükəsizlik arxitekturası mövzusu müzakirə olunub, mövcud münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllinin vacibliyi bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR